2012-03-22
Pakistanda Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilib

Azərbaycanın Pakistandakı səfirliyində Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilib.
Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Pakistan Senatının yeni seçilmiş sədr müavini Sabir Əli Bəluc, hakim Pakistan Xalq Partiyasının baş katibi, senator Cahangir Bader, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, türkdilli ölkələrin Pakistandakı səfirləri, Pakistanın tanınmış dövlət və hökumət xadimləri, alimlər və iş adamları iştirak ediblər.

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan Novruz bayramının ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu bildirib. Səfir Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını qonaqların diqqətinə çatdırıb.

Daha sonra səfir Azərbaycan-Pakistan münasibətlərindən söz açıb, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinin, həmçinin Pakistanın qanunverici orqanı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək Pakistan dövlətinə və xalqına dərin minnətdarlığını bildirib.

Şikarov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanda indiyə qədər həyata keçirilmiş və həyata keçirilməsi nəzərdə tutulan humanitar layihələr barədə geniş məlumat verib.

Tədbir iştirakçıları adından çıxış edən Pakistan Senatının sədr müavini Sabir Əli Bəluc Azərbaycan Prezidenti İlham Əliyevi, Pakistana diqqət və qayğısını əsirgəməyən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib, onlara səadət və firavanlıq arzulayıb.

Bəluc Pakistanın daim Azərbaycanın yanında olduğunu vurğulayıb, Senatın nümayəndə heyətinin 2012-ci ilin 28 fevral-2 mart tarixlərində Bakıya səfəri zamanı keçirdiyi çoxsaylı görüşlərin, Azərbaycanın birinci xanimi Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan humanitar layihələrin iki ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət edəcəyini bildirib.

Tədbirin sonunda qonaqlar səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə milli mətbəximizin nümunələrinin və süfrəni bəzəyən bayram nemətlərinin dadına baxıblar.

növbəti xəbər