2015-09-15
Pakistan Senatının müdafiə daimi komitəsi Dağlıq Qarabağda keçirilən seçkiləri qəti şəkildə pisləyir

Pakistan İslam Respublikası Senatının müdafiə daimi komitəsi Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin “özünüidarə orqanları”na keçirilmiş “seçkilər”lə bağlı etiraz bəyanatı yayıb. Komitə bəyanatda qanunsuz “seçkiləri” qəti şəkildə pislədiyini bildirir.

Qeyd edilir ki, məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə və digər ağır cinayətlər törədib.

Bu qanunsuz seçkilərin keçirilməsi beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır və sülh danışıqlarına zərbədir. Bu, Ermənistan tərəfinin Azərbaycan ərazilərinin işğalını legitimləşdirmək istiqamətində atılmış növbəti addımı və eyni zamanda, silahlı münaqişənin siyasi həllində səmimi şəkildə maraqlı olmamasının aydın təzahürü, həmçinin bu ölkənin təxribatlar və gərginləşdirmə yolu seçdiyinin göstəricisidir.

Bəyanatda vurğulanır ki, komitə beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edir.

Komitə inanır ki, münaqişənin davamlı və uzunmüddətli həllinin yeganə yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinin icrasının təmin edilməsidir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

http://azertag.az/xeber/Pakistan_Senatinin_mudafie_daimi_komitesi_Dagliq_Qarabagda_kechirilen_sechkileri_qeti_sekilde_pisleyir-884766

növbəti xəbər əvvəlki xəbər
bakushop