2015-09-10
Səfir Daşqın Şikarov “Pakistan-İnvestisiya üçün münbit şərait” adlı konfransında çıxış etmişdir.

08.09.2015-ci il tarixində İslamabadda “Pakistan-İnvestisiya üçün münbit şərait” adlı konfrans keçirilmişdir. Konfransda Pakistan Prezidenti cənab Məmnun Hüseyn, Nazirlər Kabinetinin üzvləri, senatorlar, Pakistanın nüfuzlu şirkətlərinin sahibləri, Pakistanda akkreditə olunan xarici ölkələrin səfirləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Konfransda Azərbaycanın Pakistandakı səfiri D.Şikarov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi inkişaf, iş adamlarına yaradılan münbüt şərait, turizm, tikinti sektoru haqqında ətraflı məlumat vermişdir. Səfir, iki qardaş ölkə arasında siyasi əlaqələrin ən yüksək səviyyədə inkişaf etdiyini, hər iki ölkənin Beynəlxalq Təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək, iqtisadi əlaqələrin də siyasi əlaqələr səviyyəsinə çatdirilmasının vacibliyini bildirmişdir. Səfir həmçinin, Azərbaycan torpaqlarını işğal eməsi səbəbindən Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etməsini, Xocalı Soyqrımı haqqında Pakistan Senatının qəbul etdiyi qətnaməni qeyd edərək, Pakistan Prezidentinə və xalqına dərin təşəkkürünü bildirmişdir.

Pakistan Prezidenti cənab Məmnun Hüseyn çıxışında cari ilin mart ayinin 11-14 tarixlərində Azərbaycana səfərini xatirlayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini, Azərbaycanlıların yüksək mədəniyyətə və intellektə malik olduqlarını, Azərbaycanda göstərilən yüksək qonaqpərvərlik haqqında məlumat verdi. Prezident çıxışında- “Azərbaycan Prezidenti qardaşım İlham Əliyevlə görüşüm zamanı onun Pakistan və Pakistan xalqını ürəkdən sevdiyinin şahidi oldum” deyərək Konfransda iştirak edən pakistanlı iş adamlarını azərbaycanla sıx əməkdaşlıq etməyə dəvət etdi.

Konfransdan sonra Pakistan Prezidenti cənab Məmnun Hüseyn səfir D.Şikarovu yanına dəvət edərək “Qardaşım İlham Əliyevə salamları çatdırın, inşallah noyabrda qardaşım İlham Əliyevi Pakistanda görməkdən məmnun olacam” deyərək, Azərbaycan Prezidentinə və xalqına böyük sevgi duyduğunu bildirdi.

Qeyd: Konfransda iştirak edən xarici ölkə səfirlərindən yalnız iki ölkənin – Çin və Azərbaycanın səfirlərinə çıxış üçün söz verilmişdir ki, bu da Pakistan hökuməti və xalqının Azərbaycanın Prezidentinə və xalqına olan diqqət və sevgisindən qaynaqlanır.

növbəti xəbər əvvəlki xəbər