2015-07-10
Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talassemiya Mərkəzində, həmçinin, Pakistanın Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilib. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, Talassemiya Mərkəzində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın Neft və Təbii Sərvətlər Naziri Shahid Khaqan Abbasi, Hakim Pakistan Müsəlman Liqası partiyasının şimal bölgəsi üzrə Prezidenti, Milli Assambleyanın komitə sədri Raca Muhammad Farooq, Bayt ul Malın icraçı direktoru Abid Vahid Şeyx, Senatorlar, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, ölkənin aparıcı televiziya kanalları, elektron və çap media mənsubları, Talassemiya Mərkəzində müalicə alan uşaqlar və federal paytaxtda yerləşən uşaq evinin sakinləri iştirak ediblər.

Tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərdən, iki qardaş xalqları bir-birlərinə bağlayan ümumi dini, mədəni dəyərlər barəsində danışıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən iqtisadi inkişaf prosesindən, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o cümlədən Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar layihələr barəsində ətraflı məlumat verib.

Mərasim iştirakçılarına müraciətində Bayt ul Malın icraçı direktoru Abid Vahid Şeyx Ramazan sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun Bayt ul Malla əməkdaşlığının 2012-ci ldən başladığını bildirən Abdul Vahid Şeyx Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini qeyd edib. O, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu xüsusi vurğulayıb. Abdul Vahid Şeyx bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın bütün bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Natiq çıxışında Pakistana xidmətlərinə görə, Baş Nazir Nəvaz Şərifin təqdimatı və Pakistan Prezidenti Məmnun Hüseynin sərəncamı ilə Mehriban Əliyevanın cari ilin fevral ayında Pakistanın ali-Hilal-e-Pakistan ordeni ilə təltif olunduğunu qeyd edərək, Mehriban Əliyevanın Pakistanın ali ordenlə təltif olunan ilk birinci xanım olduğunu bildirib.

Tədbirdə cıxış edən Hakim Pakistan Müsəlman Liqası Partiyasının Şimal bölgəsi üzrə Prezidenti R.M.Farooq Talassemiya Mərkəzinin tikintisinə göstərdiyi maliyyə yardımına görə, Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirib, iftar süfrələrinin təkcə İslamabadda deyil, Pakistanın digər şəhərlərində də keçirilməsi faktını yüksək qiymətləndirib. R.M.Farooq bu yardımların iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edərək, bu kimi tədbirlərin kimsəsiz uşaqlar üçün həm maddi, həm də mənəvi dəstək olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Pakistanın neft və təbii sərvətlər Naziri Shahid Khaqan Abbasi Pakistanın aparıcı televiziya kanalları – Vəqt News, Cang News, Royal News, Express News, Dawn, APP, Dunya News, DRY News, PTV və digər kanallara müsahibə verərək, Heydər Əliyev Fondunun son 4 ildə Pakistanın bütün əyalətlərində həyata keçirdiyi layihələri, xüsusilə, Talassemiya Mərkəzinin, Göz Xəstəlikləri korpusunun, Su Təhcizatı sisteminin tikintiləri və bu kimi digər əhəmiyyətli layihələrin başa gəlməsində göstərdiyi maliyyə yardımlarına görə, dərin təşəkkürünü bildirib. O, Mehriban Əliyevanın pakistanlılar üçün müqəddəs olan Ramazan ayında İslamabadda, Lahorda, Abatabadda və digər şəhərlərdə kimsəsiz uşaqlar üçün iftar süfrələrinin təşkil edilməsi, Talassemiya Mərkəzinin vaxtaşırı qanla təmin edilməsi, Pakistanın müxtəlif bölgələrində əhalinin imkansız təbəqəsi üçün pulsuz müayinələrin təşkil edilməsi faktını yüksək qiymətləndirərək, Azərbaycanın birinci xanımına və Azərbaycan xalqına dərin təşəkürünü bildirib. Neft və Təbii Sərvətlər Naziri Azərbaycan-Pakistan münasibətlərinin əsl qardaşlıq səviyyəsində olduğunu qeyd edərək, bu münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əvəzsiz xidmətləri olduğunu bildirib.

Mərasim iştirakçıları üçün təşkil olunmuş iftar süfrəsindən sonra səfir D.Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edib.

Daha sonra Talassemiya Mərkəzində səfir D.Şikarovun təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. D.Şikarov, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən digər könüllü donorlar qan veriblər.

İftar yeməyi və qanvermə aksiyalarından sonra uşaq evlərinin sakinləri tərəfindən hazırlanan səhnəciklər nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Tədbir zamanı səfir D.Şikarov Pakistanın aparcı “PTV”, “ARY TV”, “Navai Vakt”, “Express News” televiziya kanallarına müsahibələr verib. Müsahibədə diplomat Azərbaycan-Pakistan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrindən, cari ilin mart ayında Pakistan Prezidentinin Azərbaycana səfəri, Bakıda keçirilmiş birinci Avropa Oyunları, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi nailiyyətlər, Heydər Əliyev Fondunun fəaliyyəti barəsində geniş məlumat verib. Səfir müsahibəsində həmçinin, Pakistanda 1 milyon insanın talassemiya xəstəliyindən əziyyət çəkdiyini, hazırda ölkədə ciddi qan çatışmamazlığının olduğunu qeyd edərək pakistanlıları qanvermə aksiyasında fəal iştiraka dəvət edib.

Talassemiya Mərkəzində keçirilən tədbir Pakistanın dövlət və özəl televiziya kanallarında nümayiş olunub, 30-dan çox qəzet və agentliklər tərəfindən işıqlandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
http://az.trend.az/azerbaijan/society/2415760.html

növbəti xəbər əvvəlki xəbər
bakushop