2015-06-03
Heydər Əliyev Fondu Əl-Farabi mərkəzində humanitar aksiya keçirtdi

03.06.2015-ci il tarixində Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlil uşaqlar evində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilmişdir. (Qeyd: Pakistanın Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Əl-Farabi fiziki qüsurlu uşaqlar evində 200 nəfərdən çox uşaq xüsusi təhsil və müayinə alır.)
Əl-Farabi uşaqlar evində təşkil olunmuş tədbirdə Pakistan Nazirlər Kabinetinin Xüsusi Təhsil departamentinin baş direktoru Liaqat Məhəmməd Xan, Mərkəzin direktoru Məhəmməd Şabbir, Azərbaycan-Pakistan Gənclər Forumun Prezidenti Məhəmməd Asif Nur, media mənsubları iştirak etmişlər.
Mərasimdə çıxış edən Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Xüsusi Təhsil departamentinin baş direktoru Liaqat Məhəmməd Xan Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya fiziki qüsurlu uşaqlara etdiyi yardıma görə minnətdarlığını bildirmişdir. Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətindən danışan natiq, bütün bunların Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın Prezidenti cənab Məmnun Hüseyn tərəfindən Pakistana xidmətlərinə görə ölkənin ali – Hilal-e-Pakistan ordeni ilə təltif olunması faktını xüsusi qeyd etmişdir.
Əl-Farabi mərkəzində təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov xalqlarımız arasında olan sarsılmaz qardaşlıq münasibətləri barəsində danışmışdır. Səfir, Heydər Əliyev Fondu haqqında məlumat verərək, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın Ulu Öndərin Azərbaycanın inkişafı haqqında ideyalarını həyat keçirərək, ölkədə və xaricdə elm, mədəniyyət, humanitar, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirtdiyini bildirmişdir. Səfir, məhz fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə proqramların icra edildiyini vurğulamışdır. Daşqın Şikarov, Fondun Prezidenti Mehriban Əliyevanın cari ilin fevral ayında Pakistanın ali ordeni – Hilal-e-Pakistan ordeni ilə təltif olunmasını yüksək qiymətləndirərək, bunun Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirtdiyi layihələrə yüksək qiymət verilməsi ilə yanaşı, bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirmişdir.
Al-Farabi-nin direktoru Məhəmməd Şabbir başçılıq etdiyi Mərkəzin fəaliyyətindən, əldə etdiyi nailiyyətlərdən geniş məlumatlar vermişdir. Bildirmişdir ki, Pakistan Hökumətinin İbtidai və Orta təhsil Federal Şurası nəzdində fəaliyyət göstərən Əl-Farabi dövlətin diqqət mərkəzindədir.
Azərbaycan-Pakistan Gənclər Forumunun Prezidenti Məhəmməd Asif Nur isə Pakistan-Azərbycan münasibətlrindən danışmış, Azərbaycana çoxsaylı səfərlərin xatirələri ilə bölüşmüşdür.
Daha sonra səfir Daşqın Şikarov 50 ədəd əlil arabasını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatları Heydər Əliyev Fondu adından Əl-Farabi mərkəzinə təqdim etmişdir.
Tədbirin sonunda Mərkəzdə təhsil alan uşaqlar konsert proqramı ilə çıxış etmiş, fiziki qüsurlu oğlanlar kriket oyununu nümayiş etdirmişrlər. Uşaqlar evinin sakinləri və burada çalışan texniki heyətin şərəfinə nahar verilmişdir.
Tədbirdən sonra, mərasim iştirakçıları Əl Fərabi mərkəzi ilə tanış olmuş, burada aparılan tibbi müayinə və tədris prosesi ilə tanış olmuşlar.
Azərbaycanın Səfiri D.Şikarov Pakistanın aparıcı Televiziya kanallarına, elektron media mənsublarına müsahibə vermişdir. Müsahibədə o, Heydər Əlyev Fondunun fəaliyyəti, Azərbaycan-Pakistan münasibətləri haqqında danışmışdır.

 

növbəti xəbər əvvəlki xəbər
bakushop