2015-05-26
Səfir Daşqın Şikarovın Pakistan mətbuatında Azərbaycanın Respublika Gününə həsr edilmiş məqaləsi dərc edilib

Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetində Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun “Azərbaycanın Respublika Günü” adlı məqaləsi dərc edilib.

Gün.Az-a ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə Daşqın Şikarov hər il may ayının 28-də Azərbaycanda Respublika Gününün təntənəli şəkildə qeyd olunduğunu bildirib.

Yazıda qeyd olunub ki, 20-ci əsrin əvvəllərində Rusiya İmperiyası süquta uğramış, ölkənin hər bir hissəsində xaos hökm sürürdü. Bundan sui-istifadə edən Bakı Kommunasının erməni millətçiləri 1918-ci ilin fevral-mart aylarında Azərbaycanın müxtəlif şəhərlərində kütləvi qırğınlar törədib, minlərlə günahsız insanları qətlə yetiriblər. Bu zorakılığın qarşısının alınması və azərbaycanlıların xilas edilməsinin yeganə yolu Xalq Cümhuriyyəti və Milli Ordunun yaradılması olub.

Müəllif, 1918-ci ilin 28 May tarixində Müsəlman Milli Şurası tərəfindən Tiflis şəhərində Müstəqillik Aktı qəbul edildiyini və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bildirib. Məqalədə, 16 İyun tarixində Milli Şura və AXC-i hökumətinin kabinetinin Gəncə şəhərinə köçürüldüyü qeyd olunub və yeni qurulmuş hökumətin əsas vəzifəsinin Bakı və Azərbaycanın digər şəhərlərinin azad edilməsi olduğu vurğulanıb.

D. Şikarov bildirib ki, 05 Aprel, 1918-ci il tarixində Azərbaycan və Türk əsgərlərindən təsis edilmiş Qafqaz İslam Ordusu 20 minlik bolşevik-erməni qoşunlarının hücumuna məruz qalıb, lakin onlar məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur olublar. Əks hücuma keçən Azərbaycan Ordusu Bakı da daxil olmaqla ölkəmizin işğalda olan bütün şəhərlərini azad edib.

Bakı azad olduqdan sonra, 16.11.1918-ci il tarixində Milli Şuranın Bakı şəhərinə köçdüyünü bildirən D.Şikarov, 07 Dekabr, 1918 tarixində Şərqdə ilk parlamentin təsis edildiyini qeyd edib. Daha sonra yazıda, 1920-ci ilin 11 yanvar tarixində Azərbaycan Demokratik Respublikasının de-fakto olaraq Paris Sülh Konfransı tərəfindən tanındığını və dünyanın 20 ölkəsi ilə əlaqələr qurduğunu vurğulanıb.

Pakistan mətbuatında dərc edilmiş məqalədə, ADR-də aparılan islahatlar və dövlət quruculuğu işləri haqqında geniş məlumatlar verilib. Bildirilib ki, ölkədə müasir ordu qurulub, hakimiyyətin icra, qanunverici və məhkəmə qanadlarının ayrılması məsələsi təmin edib, konstitusiya islahatlarına, insan hüquqları və azadlıqlarını təmin edən cinayət məcəlləsinin hazırlanması istiqamətində əməli işlər görülüb.

Respublika hökuməti tərəfindən ermənilərin Azərbaycanda törətdiyi cinayətlərə istintaq edən xüsusi komissiya təsis edilib, vətəndaşlıq, dövlət atributları və bir sıra digər qanunlar qəbul olunub. Hətta ABŞ və Böyük Britaniyadan öncə və ilk dəfə müsəlman dünyası olan Azərbaycanda qadınlara səsvermə hüququ verilib.

Yazıda həmçinin, respublikada aparılmış iqtisadi islahatlar barəsində geniş söhbət açılıb, təhsilin inkişafına xüsusi önəm verildiyi, Azərbaycan dilinin inkişafı prioritet məsələlərdən olduğu qeyd edilib. Azərbaycan Demokratik Respublikasının 28 Aprel, 1920-ci il tarixində süquta uğradığı, yalnız 71 ildən sonra Azərbaycan xalqının iradəsi ilə müstəqil Azərbaycan Respubliaksını bərpa edildiyi bildirilib.

Səfir məqalədə Azərbaycanda müstəqillik dövrü ərzində əldə edilmiş nailiyyətlərə xüsusi yer ayırıb. Bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələr sırasında daxil olub, ölkədə irimiqyaslı enerji, infrastrukturun yenidənqurulması, tikinti və digər layihələr icra edilib.

Yazıda, müstəqillik dövrü ərzində Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyi bildirilib. Vurğulanıb ki, 2015-ci ilin 12-28 İyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində ilk Avropa oyunları keçiriləcəkdir ki, bu tədbirə Avropanın 49 ölkəsindən 6000 idmançı, 2 min jurnalist və on minlərlə azarkeşlər qatılacaqdır.

Azərbaycanın xarici siyasəti haqqında məlumat verən səfir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin maraqlarına əsaslanan xarici siyasət yürüdüldüyünü, Avropa və Asiya sərhədində yerləşən Azərbaycanın hər iki kontinentin beynəlxalq strukturlarına inteqrasiya olduğunu qeyd edib.

D.Şikarov öz məqaləsində Azərbaycan-Pakistan münasibətlərinə də toxunaraq, bu əlaqələrin yüksək səviyyədə olduğunu, onların həyatın demək olar ki, bütün sahələrini əhatə etdiyini bildirib. Vurğulayıb ki, iki ölkə beynəlxalq arenada sıx əməkdaşlıq edir, biri birlərinin mövqelərini qarşılıqlı olaraq dəstəkləyirlər. Səfir, cari ilin mart ayının 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri etdiyini bildirərək, bu səfərin əlaqələrin inkişafına müsbət dinamika verdiyi bildirib. Səfər zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın ali ordeni – Hilal-e-Pakistan ordeni ilə təltif edilməsi Azərbaycan xalqı və rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Məqalələrin tam mətnini ilə aşağıdakı linklərdən oxumaq mümkündür.

http://pakobserver.net/detailnews.asp?id=264794

Pərvanə Sultanova

növbəti xəbər əvvəlki xəbər