2015-04-14
“Vətən həsrəti insanı heç vaxt tərk etmir

Daşqın Şikarov: “Siyasətdə mənəviyyat üstünlük təşkil eləsə dünya daha təhlükəsiz və stabil olar”

Hər dövlət diplomatik arenada özünün elçiləri ilə tanınır. Bu missiya üçün seçilənin milli kimliyi önəmli rol oynayır. Bu dəfəki müsahibimiz səmimiyyəti, alicənablığı ilə hər kəsin hörmətini qazanan belə insanlardan biri, Azərbaycan dövlətinin Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovdur.

– Sizi xoş gördük cənab səfir. Oxucularımıza bir az özünüzdən bəhs edərsinizmi?

Çox sağ olun. Mən 1973-cü ildə Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olmuşam. Bakı şəhəri, 4 N-li fars təmayüllü orta məktəbi bitirdikdən sonra, 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşam. Universiteti bitirdikdən sonra – 1997-ci ildə Xarici İşlər Nazirliyində referent vəzifəsinə işə girdim. Xarici İşlər Nazirliyində işlədiyim müddətdə bir sıra diplomatik kurslarda iştirak etmişəm, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda, Pakistandakı səfirliyində müxtəlif vəzifələrdə işləmişəm. 2011-ci il mart ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olmuşam. Ailəliyəm, üç oğlum var.

– Bir diplomatın qeyri-rəsmi tərəfləri desək, ilk ağlınıza gələn nə olar?

– Ümumiyyətlə diplomatlar haqqında bir çox həqiqətdən uzaq olan stereotiplər yaşanmaqdadır. Əslində diplomat adi bir insandır, hər bir insana xas olan güclü və zəif keyfiyyətləri ilə.

– Pakistanla Azərbaycanın ortaq dəyərləri. Sizi orda ən çox nə cəlb edir?

– Xalqlarımız arasında bir çox mədəni, dini oxşarlıqlar mövcuddur. Demək olar ki, Pakistan və Azərbaycan mədəniyyətlərində cüzi fərqlər vardır. Pakistanda olan ailə dəyərləri isə doğrudan da heyranedicidir. Burada hətta uzaq qohumlar biri-birlərini dəyərləndirir, dəstəkləyir və hər hansı bir problem yaşanarsa bir yerə toplanaraq məsələni həll etməyə çalışırlar.

– Mənəviyyat siyasətdə nə qədər rol oynayır, ya da belə desək hansı məqamındadır?

– Əfsuslar olsun ki, bir çox hallarda siyasətdə Makiavelli dəyərləri, yəni sinizm, mənəviyyatsızlıq dəyərləri izlənilir. Düşünürəm ki, siyasətdə mənəviyyat üstünlük təşkil eləsə, dünya daha təhlükəsiz və stabil olar.

– Daşqın bəyin Vətən həsrəti özünü harada göstərir?

– Artıq uzun illərdir xaricdə, Vətəndən uzaqda yaşayıram. Lakin Vətən həsrəti hissləri insanı heç vaxt tərk etmir. Və Vətənə aid olan hər hansı bir məqam, epizod bu hissləri təzələyir.

– Fəaliyyətiniz haqqında bir neçə kəlmə…

– Bizim Pakistandakı fəaliyyətimiz dövlətlərimiz, xalqlarımız arasında münasibətləri daha da genişləndirmək, dərinləşdirmək, həyatın yeni sahələrini əməkdaşlıq sferasına daxil etməkdir. Sevindirici haldır ki, hal-hazırda ölkələrimiz arasında münasibətlər siyasi, diplomatik, iqtisadi, hərbi, humanitar, sosial sahələrdə uğurla inkişaf edir. Bildiyiniz kimi, Pakistan Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəkləyir, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir ölkə kimi tanımır. Pakistan Senatı Xocalı soyqırımını tanıyan, Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən iki qətnamə qəbul etmişdir. Mart ayında isə Senatın Müdafiə komitəsi Dağlıq Qarabağdakı qondarma “parlament seçkilərini” tanımadığı haqqında bəyanat vermişdir. Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu Pakistanda bir sıra genişmiqyaslı humanitar layihələr icra etmişdir. Bunu dəyərləndirən Pakistan dövləti Mehriban xanım Əliyevanı Pakistanın ali ordeni – Hilal-e-Pakistan ordeni ilə təltif etmişdir. Və nəhayət, 11-14 mart tarixlərində Pakistanın prezidenti cənab Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri olmuşdur. Bu səfər zamanı əldə edilmiş nəticələr ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da uğurla inkişaf edəcəyi haqqında inamla danışmağa əsas vermişdir.

– Şair deyir ki, “Vətən mənə oğlu desə nə dərdim, mamır olub qayasında bitərdim. Necə düşünürsünüz, Vətənə oğul olmaq üçün nə etmək lazımdır?

– Hər bir kəs payına düşdüyü işə vicdanla əməl etməlidir. Şüarlarla deyil, əməli işlə Vətənə oğul olduğunu sübuta yetirməlidir. Mən arzu edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad olunsun. Mən buna inanıram!

Nigar İsfəndiyarqızı

növbəti xəbər əvvəlki xəbər