2015-03-11
Azərbaycan və Pakistan prezidentlərinin görüşü olub

Azərbaycana səfərə gələn Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynin rəsmi qarşılanma mərasimi olub. Lent.az-ın nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseyni qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Pakistan prezidentinə raport verib. Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Pakistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Məmnun Hüseynə, Pakistan nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən prezidentlərin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər