2014-11-26
Pakistanın yeni dərsliyinə Dağlıq Qarabağın tarixi ilə bağlı mövzu salınıb

Pakistanda ən böyük universitetlərindən olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi “Pakistan və Dünya Münasibətləri” adlı yeni dərslik nəşr etmişdir.

Universitetin mərkəzi ofisi İslamabad şəhərində yerləşir, Lahor, Fəysəlabad, Multan, Karaçi, Peşəvar, Abbotabad, Bahavalpur, Sialkot, Sarqodha, Ravalpindi, Peşavar, Mərdan, Dera İsmail Xan, Kvetta, Heydərabad, Sakkar, Dera Qazi Xan, Sadiqabad, Ceylum, Attak və digər şəhərlərində tədris mərkəzləri və filialları fəaliyyət göstərir.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, dərsliyin 6-cı – “Pakistan və Müsəlman Dünyasının məsələləri” bölümündə Ermənistan-Azərbaycan münasibətlərinə 6 səhifəlik yer ayrılmışdır.

Dərslikdə Dağlıq Qarabağın tarixi (3.1), məsələnin gələcək perspektivləri (3.2), işğal olunmuş Azərbaycan ərazilərində hazırkı durum (3.3) kimi bəndlər öz əksini tapmışdır.

Yazının müəllifləri professor Fərhat Əkram və doktor Axtar Hüseyn indiki Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğu və Kürəkçay sazişindən sonra Rusiyanın tərkibinə daxil edildiyini qeyd etmişlər. Bildirilmişdir ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına kütləvi köçü başlamışdır. Bu proses Rusiya imperatoru I Nikolayın “Ermənıstan Oblastinin yaradılması” haqqında müvafiq sərancamından sonra daha da güclənmişdir. Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Qarabağ, İrəvan və Naxçıvana köçürülmüş, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni İran və Türkiyədən Azərbaycana köçürülmüş və bu proses sonralar davam etdirlmişdir. Yazıda rus yazıçıları A.Qriboyedov və N.Şavrovdan sitalar gətirilmişdir.

Tarixçilər ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı qətliam törətdiklərini bildirmiş, bu qanlı hadisələrin təfərrüatları barəsində dərslikdə məlumatlar öz əksini tapmışdır.

Bəndin böyük hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, respublikanın apardığı siyasət, Millətlər Liqası tərəfindən tanınması və Dağlıq Qarabağın Erməni Milli Assambleyası tərəfindən rəsmi olaraq Azərbaycan ərazisi kimi 1919-ci ildə tanınmasına həsr edilmiş, mövzu haqqında geniş bilgilər verilmişdir.

Dərsliyin 3.2 bəndində Sovet İttifaqının süquta uğraması ərəfəsində ermənilərin Azərbaycana qarşı torpaq iddiaları qaldırdıqları bildirilmişdir. Sumqayıt hadisələrindən bəhs edilərkən bu hadisələrin əsas fiqurlarından birinin erməni əsilli Qriqoryan olduğu vurğulanmış, bunların arxasında ermənilərin və Sovet DTK-nın olduğu qeyd olunmuşdur. Bütün bu proseslər yüz minlərlə Azərbaycanlının tarixi torpaqlarından qovulması ilə müşahidə olunmuşdur. Bunlara baxmayaraq, müstəqilliyini əldə etmiş Azərbaycan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan SSR-nin sərhədlərində olduğu kimi beynəlxalq birlik tərəfindən tanınmışdır.

Yazının 3.3 bəndində Dağlıq Qarabağ məsələsinin hüquqi statusu haqqında bəhs edilərək bütün beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ və ətrafında olan ərazilərin Azərbaycana məxsusluğu təsdiq edilmiş bu ərazilərin işğal altında olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, Ermənıstan işğal olunmuş ərazilərə qanunsuz olaraq ermənilərin köçürülməsi haqqında qərar vermiş, buna sübut kimi bəzi sənədlər göstərilmişdir.

Vurğulanmışdır ki, BMT Baş Assambleyası 29.10.2004 tarixində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı layihəni 59-cu sessiyası iclasının gündəliyinə daxil etmiş, 11.11.2004-cü ildə isə BMT-nin Baş Assambleyasına əhalinin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi haqqında hesabat daxil edilmişdir. Eyni zamanda, ATƏT-in faktaraşdırıcı missiyasının (FAM) işğal olunmuş torpaqlara səfəri zamanı erməni əhalisinin qanunsuz olaraq işğal olunmuş torpaqlara köçürülməsi faktını təsdiq etmişdir. Eyni zamanda, dərslikdə BMT Baş Assamleyasının 07.09.2006-cı il tarixli A/RES/60/285 və 14.03.2008-ci il tarixli A/RES/62/243 saylı qətnamələri haqqında bildirilmiş, ATƏT-in FAM-ın 4-12 oktyabr 2006-ci ildə keçirtdiyi monitorinq zamanı işğal olunmuş ərazilərdə “yanğınların ətraf mühitə və iqtisadiyyata ziyan vurduğu, həmçinin insan səhhəti və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiqlənmişdir.

Kitabda Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığı, işğalçı siyasətini davam etdirdiyi bildirilmişdir.

Azərbaycanın mövqeyi haqqında yazan tarixçilər qeyd etmişlər ki, Azərbaycan işğalın nəticələrini qəbul etmir və işğal altında olan torpaqlarını azad etmək hüququnu özündə saxlayır.

növbəti xəbər
bakushop