2014-11-14
Pakistanın Anemiya Mərkəzi Azərbaycanın Talassemiya Mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Baş Nazirliyinin nəzdində fəaliyyət göstərən Bayt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx ilə görüşüb.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Bayt-ul-Malın icraçı direktoru rəhbərlik etdiyi təşkilatın xeyriyyə fəaliyyəti haqqında danışıb. Bildirib ki, bu təşkilatın nəzdində Pakistanın bütün əyalətlərində 33 kimsəsiz uşaqlar evi fəaliyyət göstərir. Eyni zamanda, Bayt-ul-Mal təbii fəlakətlərdən zərər çəkmiş insanlara humanitar yardımların paylanılması, qadınların işlə təmin edilməsi və digər xeyriyyə fəaliyyəti ilə də məşğuldur.

A.V.Şeyx Bayt-ul-Malın 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə sıx təmasda olduğundan məmnunluq duyduğunu ifadə edərək, Heydər Əliyev Fondunun dəstəyi ilə Bayt-ul-Malın nəzdində fəaliyyət göstərən uşaqlar və qocalar evlərinə göstərilmiş yardımlara, həmçinin sel daşqınları və leysan yağışlardan zərər çəkmiş Pəncab əyalətinin 8 və Kəşmirin 2 rayonunda insanlara göstərilmiş humanitar yardımlara görə AIDA-ya bir daha minnətdarlığını bildirib.

O, hər il Pakistanda 5 min uşağın talassemiya xəstəliyi ilə anadan olduğunu və müvafiq müalicənin olmaması səbəbindən onların orta ömrünün cəmi 16-17 il təşkil etdiyini qeyd edərək, məhz bu səbəbdən də Bayt-ul-Malın nəzdində Talassemiya və Hemofiliya bölmələrinin fəaliyyət göstərəcəyi Anemiya Mərkəzinin yaradılması haqqında qərar verildiyini bidirib. Hazırda tikintisi aparıldığı Anemiya Mərkəzi İslamabad şəhərinin ən mənzərəli yerlərindən sayılan Fatma Cinnah Parkında yerləşəcək.

D.Şikarov iki ölkə arasında qədim tarixə arxalanan ənənəvi dostluq əlaqələrindən danışıb. Səfir Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyevin Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib.

O, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və pulsuz müayinəni təmin edən Azərbaycan Talassemiya Mərkəzinin fəaliyyəti haqqında danışıb. Bildirib ki, bu Mərkəz irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən xəstə uşaqlar, eləcə də onların valideynləri üçün böyük əhəmiyyət daşıyır. Səfir Azərbaycanda 2011-2015-ci illər üçün talassemiya və hemofiliya xəstəlikləri ilə bağlı Dövlət Proqramının həyata keçirildiyini qeyd edib və bildirib ki, Heydər Əliyev Fondu hələ 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinə başladığını elan etmişdi. Mərkəzdə pasiyent üzərində sümük iliyinin transplantasiyası əməliyyatı da aparılır.

Daha sonra D.Şikarov icraçı direktorun müşayiəti ilə Anemiya Mərkəzinə səfər edib, burada aparılan tikinti və təmir işləri ilə tanış olub. Diplomat Bayt-ul-Malın icraçı direktoru A.V.Şeyxə İslamabad şəhərində Anemiya Mərkəzi üçün təmir işləri və avadanlıqların alınması məqsədi ilə Heydər Əliyev Fondu adından maliyyə yardımı göstərib.

A.V.Şeyx İslamabadda Anemiya Mərkəzinin yaradılmasına göstərdiyi yardıma görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib, bu addımı iki dost ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Anemiya Mərkəzinin Bakıda fəaliyyət göstərən Talassemiya Mərkəzi ilə əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

növbəti xəbər əvvəlki xəbər
bakushop