2016-01-20
20 Yanvar faciəsi Preston Universitetində anılmışdır.

Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən Pakistan Preston Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş “20 Yanvar- azadlıq əleyhinə cinayət” adlı seminar keçirilmişdir.

Ali qonaq qismində 1999-2002-ci illərdə Pakistanın xarici işlər naziri olmuş, tanınmış siyasi xadim Abdul Səttarın təşrif buyurduğu, diplomatlar, tədqiqatçılar və media mənsublarının qatıldığı seminarda Pakistan Preston Universitetinin rektoru Abdul Basit, İslamabad Milli Müdafiə İnstitutunun dosenti Seyf-ur-Rəhman Malik, Ravalpindi Fatima Cinnah Qadınlar Universitetinin mudafiə və diplomatik araşdırmalar kafedrasının müdiri Saima Kayani çıxış etmişlər.

Preston Universitetinin rektoru Abdul Basit nitqində “20 Yanvar faciəsinin” Azərbaycan tarixindəki şərəfli rolundan, müstəqilliyinə qovuşan Azərbaycanın öz inkişaf yolunu tutaraq beynəlxalq aləmin önəmli üzvlərindən birinə çevrilməsindən danışmışdır.

Seyf-ur-Rəhman Malik “20 Yanvar” faciəsini doğuran tarixi-siyasi şərait barədə ətraflı məlumat vermiş, Sovet imperiyasının ambisiyaları qarşısında Azərbaycan xalqının istiqlal əzminin qalib gəlməsi faktına diqqəti cəlb etmişdir.

Saima Kayani Sovet İmperiyasının ermənipərəst mövqeyinin Azərbaycan xalqının qəzəbinə səbəb olduğunu, müstəqillik ideyaları ilə yaşayan insanların Sovet ordusu qarşısında mətin dayanmaqdan qorxmadığı iştirakçıların nəzərinə çatdırmışdır.

Azərbaycanın Pakistandakı müvəqəti işlər vəkili Çingiz Qəribli qeyd etmişdir ki, “20 yanvar” faciəsinin iki əsas faktoru - zəngin milli-mədəni dəyərlərə malik Azərbaycan xalqının müstəqillik ideyalarının alovlanması və Sovet imperiyasının qeydsiz-şərtsiz Ermənistanın təcavüzkar siyasətini dəstəkləməsinə Azərbaycan xalqının etiraz etməsi vəhdət təşkil etmiş, nəticədə xalqın iradəsi qalib gəlmiş, Azərbaycan müstəqilliyinə qovuşmuşdur.      

Tədbirin ali qonağı, Pakistanın sabiq xarici işlər naziri Abdul Səttarın çıxışı xüsusilə maraqlı olmuşdur, o, “Mən Pakistanın SSRİ-də səfiri olduğum zaman bu ölkənin xarici işlər naziri E. Şevarnadze SSRİ-nin çokməsinə 3 səbəb göstərmişdi; Şərqi Avropa işğalının yükü, Çinlə ziddiyyətlər, Əfqanıstan işğalının yükü. Mən isə bu “20 yanvar” faciəsini də SSRİ-nin süqutuna səbəb olan əsas hadisələrdən biri kimi dəyərləndirirəm”-demişdir.

Seminarın gedişində iştirakçılar “20 Yanvar” faciəsinin müxtəlif məqamlarını əks etdirən videomateriala baxmışlar.  

“20 yanvar” faciəsinin mahiyyəti və əhəmiyyəti Pakistan mediasında da işıqlandırılmışdır. İslamabadda dərc olunan “Diplomatic Star” jurnalında tədqiqatçı Sabah Aslamın “20 Yanvar – Bir gün necə dönüş nöqtəsi ola bilmişdir?!” adlı məqaləsi dərc olunmuşdur.

Müəllif 1990-cu il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun azadlıq səsini boğmaq məqsədilə qəddarlıqla silahsız insanlara atəş açması, nəticədə 150 nəfərin öldürülməsi, 750-dən çox nəfərin yaralanması və 400-ə yaxın şəxsin həbs olunması haqqında məlumat verir.

1988-ci ildə Azərbaycanda Sovet imperializminə və kommunizmə qarşı başlayan milli-müstəqillik hərəkatı 2 amil ilə əsaslandırılır:

Birincisi, Sovet imperiyasının azərbaycanlılara qarşı kütləvi qətllər və etnik təmizləmə cinayətləri törətmiş erməniləri tam şəkildə müdafiə etməsi. İkinci amil isə, 1918-1920-ci illərdə öz müstəqil dövlətinin olmasından ilham alan Azərbaycan xalqının müstəqilliyə və azadlığa olan arzusu olmuşdur. 

Məqalədə vurğulanır ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gedərək faciəni törədənləri pisləmiş və buna görə məsuliyyəti bilavasitə keçmiş SSRİ-nin rəsmilərinin daşıdığını bəyan etmişdir. 

S. Aslam məqaləsində 20 Yanvar şəhidlərinin Bakının ən yüksək nöqtəsində, Dağüstü Parkda dəfn olunduğunu və həmin gündən etibarən həmin yerin Şəhidlər Xiyabanı, həmin qətliamın isə “Qara Yanvar” adlandırıldığını vurğulamış, sözügedən qırğının azərbaycanlıları öz mübarizələrindən diyandıra bilməmişdir. Siyasi, mənəvi və hərbi aqressiyanın qurbanı olmasına baxmayaraq, Azərbaycan müstəqillik hərəkatı sonda qələbə çalmış və 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etmişdir. 

Məqalələrin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://www.diplomaticstar.com/magazine/?p=1731

növbəti xəbər əvvəlki xəbər