2016-02-25
Milli Müdafiə Universitetində “Xocalı Soyqırımının 24-cü ildönümü: Dağlıq Qarabağ və Kəşmir münaqişəsinin perspektivi” adlı seminar keçirilmişdir.

Xocalı soyqrımının 24-cü ildönümü münasibəti ilə İslamabad şəhərində Milli Müdafiə Universitetində “Xocalı Soyqırımının 24-cü ildönümü: Dağlıq Qarabağ və Kəşmir münaqişəsinin perspektivi” adlı seminar keçirilmişdir.

Tədbirdə Pakistanın Xarici İşlər Nazirliyinin İƏT, Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə İdarəsinin direktoru İrfanulla Xan, COMSATS Universitetinin Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri, Pakistan Xarici Xidmət Akademiyasının sabiq direktoru, səfir Fovziya Nasrin, Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin müdiri Məhəmməd Xan, Kayde-Əzəm Universitetinin professoru Nazir Hüseyn, İslamabad Siyasət Araşdırmaları İnstitutunun elmi işçisi Asiya Mahar, Türkiyə, Ukrayna və Qazaxstanın yüksək rütbəli diplomatları, Pakistan və Türkiyənin kütləvi informasiya vasitələrinin nümayəndələri, tədqiqatçılar və tələbələr iştirak etmişlər.

Seminarı aparan səfir F. Nasrin 25-26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımın dəhşətli insan hüquqları pozuntusu ilə müşayiət olunduğunu, soyqırıma dair videoya baxan seminar iştirakçılarının dərin ürək ağrısı hiss etdiyini bildirmişdir.

Kayde-Əzəm Universitetinin professoru Nazir Hüseyn çıxışında Pakistanın Ermənistanla heç bir münasibət qurmadığını, daim Ermənistanın Azərbaycana təcavüzünü qınadığını, Pakistan Senatının Xocalı Soyqırımını tanıdığını, Azərbaycan və Pakistanın Dağlıq Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırmışdır.

Xarici İşlər Nazirliyinin İƏT, Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə İdarəsinin direktoru İrfanulla Xan Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq münasibətlərinin təfsilatlarını izah edərək, Xocalı Soyqırımını tanıyan Pakistan Senatının qətnaməsinin, eləcə də Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi təmənnasız dəstəyin, Azərbaycanın da Kəşmir məsələsinin həllində Pakistanın haqq səsini müdafiə etməsinin bu münasibətlərdə mühüm yerə malik olduğunu vurğulamış, ikitərəfli əlaqələrin güclənməsinin bundan sonra da davam edəcəyinə dair inamını ifadə etmişdir. Heydər Əliyev Fondunun Pakistanın müxtəlif əyalətlərində reallaşdırdığı humanitar layihələrin xüsusi əhəmiyyətə malik olduğunu deyən İrfanulla Xan fondun prezidenti, xanım Mehriban Əliyevanın Pakistan prezidenti Məmnun Hüseyn tərəfindən “Hilal-e Pakistan” ali dövlət mükafatı ilə təltif olunduğunu bəyan etmişdir.

Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin müdiri, professor Məhəmməd Xan Xocalı Soyqırımı qurbanlarının heç bir fərqləndirmə aparılmadan uşaqlar, qadınlar, yaşlılar da daxil, bütünlüklə qətlə yetirildiyini, Xocalı faciəsinin soyqırım olduğunun dəqiq fakt və beynəlxalq sənədlərlə sübut edildiyini iştirakçılara çatdırmışdır.

İslamabad Siyasət Araşdırmaları İnstitutunun elmi işçisi Asiya Mahar Pakistan Senatı Xarici Əlaqələr Komitəsinin 1 fevral 2012-ci ildə Xocalı Soyqırımını tanıyan qətnamə qəbul etdiyini, Pakistanın Erməni təcavüzünə qarşı Azərbaycanı qeydsiz-şərtsiz dəstəklədiyini qeyd etmiş, Azərbaycanın da hər zaman bütün məsələlərdə Pakistanın yanında olduğunu, Heydər Əliyev Fondunun qardaş pakistanlılar üçün həyata keçirdiyi humanitar layihələrin yüksək dəyərləndirildiyini bildirmişdir.

Azərbaycanın Pakistandakı müvəqqəti işlər vəkili Çingiz Qəribli bəşəriyyətə qarşı törədilən ən dəhşətli cinayətlərdən biri olan Xocalı Soyqırımının Ermənistanın Azərbaycan Türklərinə qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsi olduğunu izah edərək, Ermənistan prezidentinin “Soyqırıma qədər Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırdıq.”-sözlərinin təcavüzkar siyasəti ifşa etdiyini nəzərə çatdırmışdır. O, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı təmənnasız dəstəkləməsinə və Pakistan Senatının Xocalı Soyqırımını tanımasına görə Pakistan dövlətinə minnətdarlığını ifadə etmişdir.

Seminarda urdu dilinə tərcümə edilmiş, millət vəkili Qənirə Paşayeva və professor Həvva Məmmədovanın müəllifi olduğu “Xocalı Soyqırımı: şahidlərin dilindən” kitabının təqdimatı həyata keçirilərək, kitabın Xocalı Soyqırımı ilə bağlı ən önəmli materiallardan biri olduğu məlum edilmişdir.

Pakistan mətbuatında da Xocalı Soyqırımının arxa planı və mahiyyəti geniş izah edilmiş, Azərbaycanın haqq mübarizəsinə dəstək ifadə olunmuşdur. İslamabadda dərc olunan “Diplomatic Star” jurnalında tədqiqatçı Sabah Aslamın “Xocalı qətliamı və ədalət uğrunda Azərbaycanın mübarizəsi” adlı məqaləsi, eyni zamanda Xocalı Soyqırımı haqqında xüsusi reportaj öz əksini tapmışdır. Urdu dilində nəşr edilən “Daily İnsaf” və “Metro Watch” qəzetlərində də soyqırımla bağlı həqiqətlər pakistanlı oxuculara çatdırılmışdır. Məqalələrə aşağıdakı linklərdən baxmaq olar:

 

http://www.diplomaticstar.com/magazine/?p=1738

 

http://www.diplomaticstar.com/magazine/?p=1741

 

http://insaf.com.pk/index.php?p=11&date=24-02-2016

 

http://epaper.metrowatch.com.pk/newspaper/2016/02/23/p4.html

növbəti xəbər əvvəlki xəbər