2016-06-14
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının xarici işlər katibi ilə görüşüb və etimadnaməsinin sürətini ona təqdim edib.

Pakistan Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə xarici işlər katibi səfiri təytinatı münasibətilə təbrik edərək, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, hər iki ölkənin beynəlxalq məsələlərdə həmfikir olduğunu bildirib. Xarici işlər katibi iki ölkənin rəhbərləri və xalqları arasında mövcüd olan səmimi dostluq münasibətlərini vurğulayaraq  Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyinin ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə dost və qardaş ölkə olan Pakistana səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. Əli Əlizadə Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinə Pakistan İslam Respublikasının verdiyi dəstəyin hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib və göstərilən ədalətli yanaşmaya, səmimi diqqətə görə təşəkkür edib. O, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin, həyata keçirilən layihələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin, qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

 

növbəti xəbər əvvəlki xəbər