2016-08-02
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə, Islamabad şəhərinin meri Şeyx Anser Aziz ilə görüşüb.

Görüşdə, Azərbaycan və Pakistan xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərlər  haqqında söhbət açılıb, iki ölkə arasında qardaşlıq əlaqələrinin yaranmasında və möhkəmlənməsində ölkə rəhbərlərinin xüsusi rolunun olduğu bildirilib.

Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində, o cümlədən İslamabad şəhərində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin, həmçinin, iki ölkə arasındakı digər tədbirlərin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini bildirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən səfir Əli Əlizadə, işğal edilmiş qədim Azərbaycan torpaqlarında müsəlman aləminə aid dini-mədəni abidələrin, məscid və ziyarətgahların dağıdıldığını və təhqirə məruz qoyulduğunu bildirib, Dağlıq Qarabağ münaqişəsində Pakistanın  Azərbaycana göstərdiyi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

İki ölkə arasında əlaqələrin daha da inkişafına, möhkəmlənməsinə xidmət edən müxtəlif mədəni, elmi, təhsil, turizm, humanitar və sosial yönümlü layihələrin İslamabad şəhərində davam etdirilməsi və həyata keçirilməsinə hazır olduqlarını bildirən İslamabad şəhərin meri Şeyx Anser Aziz, qardaş Azərbaycanın Bakı və digər şəhərləri ilə İslamabad şəhəri arasında birbaşa əlaqələrin yaranmasında maraqlı olduqlarını bildirib.

növbəti xəbər əvvəlki xəbər