2016-09-05
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının maliyyə, gəlirlər, iqtisadi işlər, statistika və özəlləşdirmə üzrə federal naziri Məhəmməd İshaq Dar ilə görüşmüşdür.

Görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Kəşmir və Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, H.Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif hümanitar və sosial yönümlü layihələr, gələcəkdə həyata keçirilməsi planlaşdırılan yüksək səviyyəli səfərlər haqqında söhbət açılmış, bu cür isti və səmimi münasibətlərin fonunda maliyyə, iqtisadiyyat və ticarət sahəsində əlaqələrin daha da artırılmasının önəmi vurğulanmışdır.

 Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf haqqında məlumat verən səfir Əli Əlizadə, iki ölkə arasında enerji, ticarət və müəyyən digər sahələrdə görülən işlər, yeni müqavilələrin hazırlanması istiqamətində gedən çalışmalar haqqında məlumat vermişdir. Səfir enerji, tekstil, metallurgiya və müəyyən digər sahələr üzrə də azərbaycanlı iş adamlarının Pakistanla iqtisadi-ticari əlaqələrin qurulmasına maraq göstərdiyini, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd etmişdir. Əli Əlizadə ölkələrarası bu səmimi və isti şəraitdən pakistanlı iş adamlarının da çox istifadə edə biləcəyini bildirmişdir.

Nazir Məhəmməd İshaq Dar Bakıya etdiyi səfərlərini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən səmimi qəbulunu və Azərbaycanda qardaşlıq şəraitində keçirilmiş görüşlərini xatırlamış, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd etmişdir. Nazir müdafiə sənayesi sahəsində Pakistanın imkanlarından Azərbaycan tərəfinin daha çox istifadə edə biləcəyini, enerji, ticarət, iqtisadi sahələrdə həyata keçirilən işlərin daha da artırılması, bu sahələr üzrə müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin qarşılıqlı əlaqələrə müsbət tövhələr verəcəyini bildirmişdir. Nazir rəhbərlik etdiyi qurumun Azərbaycanın aidiyyəti qurumları, eləcə də Azərbaycanın Pakistandakı Səfirliyi ilə əməkdaşlığın davam etdirilməsinə hər zaman hazır olduğunu vurğulamış, Səfirliyə və səfirə fəaliyyətində uğurlar arzulamışdır.

növbəti xəbər əvvəlki xəbər
bakushop