2016-09-09
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda Qurban bayramı münasibətilə növbəti xeyriyyə tədbiri keçirilib.

Bu münasibətlə Ravalpindi şəhərində yerləşən “Anjuman Faiz-ul-İslam” yetimlər evində təşkil olunan mərasimdə Pakistanın federal təhsil və peşəkar təlim, daxili işlər və narkotiklərə nəzarət üzrə dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman, “Anjuman Faiz-ul-İslam” Təşkilatının sədri Mian Məhəmməd Siddiq Əkbər,  Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhəmməd Asif Nur, ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Tədbirdə ali qonaq kimi çıxış edən dövlət naziri Məhəmməd Baliğ-ur-Rəhman Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi bir-birinin sevincini və kədərini bölüşdüklərini, ortaq dəyərlərə və mənəvi yaxınlığa malik olduqlarını qeyd edib, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirib.

Nazir “Heydər Əliyev Fondu”nun müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi mühüm sosial-humanitar layihələri Azərbaycan xalqının Pakistan xalqı ilə həmrəyliyinin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq, birinci xanım Mehriban Əliyevanın Pakistan Prezidenti tərəfindən bu ölkənin “Hilal-e Pakistan” ali mükafatı ilə təltif edildiyini xatırladıb. Nazir Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən “Anjuman Faiz-ul-İslam” Təşkilatının sədri Məhəmməd Əkbər Siddiq rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib, təşkilatın 1943-cü ildən yarandığını, Pakistanın müxtəlif bölgələrində yerləşən altı mərkəzdə mindən artıq kimsəsiz uşağa xidmət etdiyini bildirib, xeyirxah əməllərə görə “Heydər Əliyev Fondu”na təşəkkürlərini çatdırıb.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M.A.Nur nitqində Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin tarixi və möhkəm siyasi təməllərindən söhbət açıb, iki dövlətin demək olar ki bütün məsələlərdə bir-birinə arxa olduğunu diqqətə çatdırıb. O, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda gerçəkləşdirdiyi xeyriyyəçilik layihələrinin birinci xanımın nəcibliyinin, eyni zamanda iki ölkə xalqının dostluğunun və birliyinin təcəssümü olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Heydər Əliyev Fondu və Fondun Prezidenti Mehriban xanım Əliyevanın adından mərasim iştirakçılarını salamlayıb, müstəqlliyinin bərpasının ilk illərindən Ermənistan tərəfindən həyata keçirilmiş terror hadisələri, soyqırım aktları və işğala məruz qalan, təcavüzə uğrayan ölkə kimi Azərbaycanın terror və işğalın acı nəticələrini, insanların, uşaqların necə əzab çəkdiklərini yaxşı bildiyini diqqətə çatdırıb. “Heydər Əliyev Fondu”nun bugün həyata keçirdiyi “Anjuman Faiz-ul-İslam” Təşkilatının kimsəsiz uşaqlar evlərində və ümumilikdə Pakistanda icra etdiyi bütün layihələrin xalqların yaxınlaşmasında və ülvi dəyərlərə sahib Azərbaycanın Pakistanda tanıdılmasında malik olduğu roldan bəhs edib. Səfir Azərbaycan və Pakistanın istər ikitərəfli, istərsə də beynəlxalq platformada nümayiş etdirdikləri həmrəyliyin əhəmiyyətinə, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi birmənalı dəstəyin müstəsna önəminə diqqət cəlb edərək təşəkkürlərini Pakistan Hökümətinə və xalqına çatdırıb.

O, həmçinin 12-13 sentyabr tarixlərində İslamabad və Ravalpindi şəhərlərində qurbanlıqların kəsilərək “Anjuman Faiz-ul-İslam” Təşkilatının kimsəsizlər evlərinin sakinlərinə və digər ehtiyaclı insanlara paylanılacağını bildirib.

Sonda uşaqların hazırladığı səhnəciklər nümayiş olunub, Ravalpindi şəhərinin “Anjuman Faiz-ul-İslam” kimsəsizlər evinin uşaqlarına Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim edilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsizlər evində keçirilən tədbir və xeyriyyə aksiyası haqqında məlumat Pakistanın bir sıra aparıcı televiziya kanallarında, həmçinin “Radio Pakistan” xəbər xidməti, “Associated Press Pakistan”, “Pakistan observer”, “Pakistan in the world”, “Times of Islamabad” xəbər agentlikləri, saytları  və müəyyən digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

növbəti xəbər əvvəlki xəbər