2016-11-01
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Islam Respublikası Baş nazirinin xarici işlər üzrə məsləhətçisi, xarici işlər naziri vəzifəsini icra edən cənab Sərtac Əzizlə görüşüb.

Azərbaycan Respublikası xarici işlər nazirinin xoş salam ve ehtiramlarını cənab Sərtac Əzizə çatdıran səfir, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu, Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd ədərək, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın daim yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

Səfir, Pakistanla bütün sahələrdə mövcud qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlarımız arasında münasibətlərin daha da istiləşməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım  Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verdiyini diqqətə çatdırıb.

Pakistan Islam Respublikası Baş nazirinin xarici işlər üzrə məsləhətçisi, xarici işlər naziri vəzifəsini icra edən cənab Sərtac Əziz öz hörmət ve ehtiramlarını Azərbaycan Respublikasının xarici işlər nazirinə göndərərək, Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib. Ötən il Pakistan Prezidentinin, cari il isə Pakistanın Baş nazirinin Azərbaycana həyata keçirilmiş uğurlu səfərlərini xatırladan Sərtac Əziz, bu səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişafına öz müsbət təsirini göstərəcəyini vurğulayıb.Pakistanın və Azərbaycanın daim bir birinə göstərdiyi dəstəyinin önəmini qeyd edən Sərtac Əziz iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari, mədəni, elmi, hərbi-texniki və digər əlaqələrin daha da inkişaf etdirilməsi,  birbaşa hava reyslərinin yaradılması üçün geniş potensial və imkanların olduğunu bildirib.

Görüşdə həmçinin, gələcəkdə nəzərdə tutulan qarşılıqlı səfərlər, görüşlər və keçiriləcək sərgilər haqqında da fikir mübadiləsi aparılıb.

 

növbəti xəbər əvvəlki xəbər