2016-11-11
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullah ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, vaxtaşırı keçirilən sərgilərdə və təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin, hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanmış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunmuşdur.

 Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullah, Pakistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin, tarixi, dini və mədəni köklərə malik olduğunu bildirmiş, ölkələrimiz arasında əlaqələrin, o cümlədən Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin  gələcəkdə daha da genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini qeyd etmişdir. Azərbaycana səfərini xatırladan Muhammad Zakaullah ölkəmizin inkişafının, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulamışdır.

növbəti xəbər əvvəlki xəbər
bakushop