2016-11-27
Azərbaycanın Pakistandakı Səfirliyi 27 Noyabr 2016-cı il tarixində Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası tərəfindən İslamabad şəhərində təşkil olunan illik xeyriyyəçilik bazarında iştirak etmişdir.

22 xarici dövlətin Pakistanda fəaliyyət göstərən səfirlikləri, habelə Pakistanın yerli müəssisələrinin, şirkətlərinin iştirakı ilə təşkil olunan bazarda müxtəlif ölkələrin milli və mənəvi zənginlikləri, iqtisadi və turizm potensialı nümayiş etdirilmişdir.

Tədbirin açılış mərasimində ali qonaq, Pakistanın birinci xanımı Mahmudə Məmnun Hüseyn çıxışında bildirmişdir ki, Qadınlar Assosiasiyasının xeyriyyəçiliyi müasir ümumbəşəri dəyərləri və xalqların bir-biri ilə mehriban davranmasını təşviq edir.

Pakistan XİN Qadınlar Assosiasiyasının prezidenti xanım Najia Ahmad tədbirin məqsədləri barədə məlumat vermiş və iştiraka görə səfirliklərə təşəkkür etmişdir.

Pakistanın xarici işlər katibi Ə. Ayzaz Çodri Assosiasiyanın ötən illərdə ölkənin təbii fəlakətlərdən zərər çəkmiş insanlarına yardım etdiyini, bu il də öz nəcib missiyasını reallaşdırmaq əzmində olduğundan qürur duyduğunu qeyd etmişdir.

Tədbirin açılış mərasimində keçirilən “Ölkələr paradı”nda iştirakçı ölkələrin adları çəkilərək təqdim etmə həyata keçirilmiş və Azərbaycan bayrağı Azərbaycan milli geyimində diplomatlarımızın övladları tərəfindən səhnədə dalğalandırılmışdır.

Xeyriyyəçilik bazarında Azərbaycan mətbəxinin ləziz nümunələrindən şəkərbura, tort, paxlava, dolma və sair təamlarımız, eyni zamanda Azərbaycan tarixini və mədəniyyətini təzahür etdirən milli suvenirlər, Nizami məqbərəsinin, İçəri Şəhərin, Mömünə Xatın türbəsinin, Qız Qalasının, Şəki Xan sarayının, eləcə də aşıq sənətinin, milli musiqi alətlərinin və digər mədəniyyət nümunələrimizin əks olunduğu maketlər, Azərbaycan-Pakistan əlaqələrindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycanın sosial-iqtisadi inkişafından, turizm potensialından, görkəmli şəxsiyyətlərindən və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər xeyriyyə bazarına çıxarılmışdır. 

Azərbaycanın Pakistandakı Səfirliyinin təşkil etdiyi Azərbaycan pavilyonu səfirliklər arasında zəngin təşkil olunanlardan və ən fəal iştirak edənlərdən olmuşdur. Xeyriyyə bazarında iştirak edənlər Azərbaycanın təmsil olunduğu pavilyona böyük maraq göstərmişlər.

Xatırladaq ki, xeyriyyəçilik bazarı Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası tərəfindən hər il təşkil olunur və bazardan əldə edilən vəsait imkansız əhallinin ehtiyaclarının ödənilməsinə sərf olunur.

növbəti xəbər əvvəlki xəbər
bakushop