2016-12-01
Azərbaycanın Pakistandakı Səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində, Marriott mehmanxanasında “Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü, Azərbaycan-Pakistan münasibətləri” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Pakistanın ticarət naziri Xürrəm Dastgir Xan, Pakistanın bir sıra siyasi və ictimai xadimləri, COMSATS, Preston, Rifahuniversitetlərinin rektorları,  Quaid-i-Azam Univesitetinin prorektoru, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti, əyalət palatalarının rəhbərləri  və tanınmış iş adamları, aparıcı turizm şirkətlərinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və diplomatlar iştirak etmişlər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan konfransda Səfirliyimiz tərəfindən ölkəmiz haqqında hazırlanmış “Azərbaycan müstəqilliyinin bərpasının 25 ili ərzində” adlı təqdimat  videoslaydlar əsasındasəfirliyin hərbi attaşesi Mehman Novruzovun çıxışı ilə iştirakçılara təqdim edilmişdir. Azərbaycan dövlətçiliyinin tarixi, önəmli hadisələri, keçdiyi çətin və şərəfli müstəqillik yolu, Azərbaycanın iqtisadi və turizm potensialı, hərbi nailiyyətləri, zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər Azərbaycan həqiqətlərinin yer aldığı təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.   

Konfransda çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən danışmış, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik edtiyi dövrlərdə və ondan sonrakı illərdə Azərbaycanın əldə etdiyi uğurlar, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə olunan nailiyyətlər haqqında məlumat vermişdir. Səfir Azərbaycanın cəlbedici tarixi və turizm məkanlarına, istirahət obyektlərinə malik olduğunu qeyd etmiş, eyni zamanda Pakistanla qarşılıqlı iqtisadi əməkdaşlığın artırılması yönündə görülən işləri də vurğulamışdır. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətindən və təxribatlarından, Azərbaycan ərazilərini işğal etməsindən məlumat verən səfir Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə, Azərbaycanın yanında olduğuna görə təşəkkür etmiş, eyni zamanda Azərbaycanın da Pakistanı tam dəstəklədiyini, Kəşmir məsələsinin BMT-nin qəbul edilmiş qətnamələri əsasında tezliklə həllini istədiyini qeyd etmişdir. O, Azərbaycan-Pakistan münasibətlərinin möhkəm təməllər üzərində inşa edildiyini, iki ölkənin xalqları arasında yaxın bağlılıqların olduğunu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial-humanitar layihələrin Azərbaycan-Pakistan dostluğunun bir təzahürü olduğunu diqqətə çatdırmışdır.

Preston Universitetinin rektoru Abdul Basit nitqində qədim mədəniyyətə malik Azərbaycanın daşıyıcısı olduğu türk və müsəlman mənsubiyyətinin, tarixən türklər tərəfindən idarə olunan Pakistanla Azərbaycanı bir-birinə yaxınlaşdırdığını, müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanın bir çox sahədə tərəqqi əldə etdiyini, Bakıda səfərdə olarkən bunun bilavasitə şahidi olduğunu qeyd etmişdir. Rektor, mühəndislik, texnologiya və digər sahələrdə azərbaycanlı tələbələrin Pakistan universitetlərində təhsil almasının faydalı olacağını ifadə etmiş, rəhbərlik etdiyi universitetdə 10 azərbaycanlı tələbə üçün pulsuz təhsil imkanı yaradıldığını elan etmişdir. 

Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibəti ilə Pakistan Baş nazirinin təbriklərini çatdıran Pakistanın Ticarət naziri Xürrəm Dastgir Khan çıxışında Azərbaycanla Pakistanın siyasi əlaqələrinin yüksək səviyyəsinə, xalqlar arasında mövcud olan mədəni, tarixi, mənəvi yaxınlığa nəzər saldıqda, iqtisadi münasibətlərin böyük potensialı olduğunu, hər iki tərəfin birgə səyi ilə ticarətin, investisiyanın qoyulmasının daha da  asanlaşdırılması və daha da artırılması yönündə işlərin görülməsinin zəruriliyini vurğulamışdır.

Nazir, Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Nəvaz Şərifin Davosda görüşündə iştirak etməkdən, Azərbaycan Prezidentinin regional iqtisadi inkişafa dair fikirlərindən təsirləndiyini qeyd etmiş, ticarət və investisiyanın artırılması üçün hər iki tərəfin təşəbbüslərinə diqqətlə baxılmasının vacib olduğunu demişdir.

Nazir bildirmişdir ki, onun dekabr ayının əvvəlində Azərbaycana nəzərdə tutulan səfərində bir tərəfdən dövlətlərarası münasibətlərin, digər təfədən isə biznes dairələrinin bir-biri ilə mütəşəkkil əlaqələrinin inkişafı qarşıya məqsəd qoyulmuşdur. Heydər Əliyev Fondunun Pakistanda 2005-ci ildən başlayaraq davam edən humanitar layihələrinin ölkələrin qardaşlığının göstəricisi olduğunu vurğulayan nazir Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi işlərə görə təşəkkür etmiş, Pakistanın eyni zamanda Azərbaycanın strateji iqtisadi tərəfdaşı da olmaq istədiyini nəzərə çatdırmışdır. O, Azərbaycan-Pakistan dostluğunun yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə etmişdir.

Rəsmi hissənin başa çatmasından sonra şam yeməyi ilə davam edən konfransda Azərbaycana, Azərbaycanın sosial-iqtisadi inkişafına, turizmi və mədəniyyətinə dair müxtəlif videoçarxlar nümayiş olunmuş, iştirakçılara Azərbaycanla bağlı əyani materiallar təqdim olunmuşdur. Konfrans yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər
bakushop