2017-01-19
Pakistanın İslamabad şəhərində yerləşən, ölkənin ilk universitetlərindən olan Preston Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qara Yanvar: Şəhidlikdən Azərbaycanın müstəqilliyinə” mövzusunda seminar keçirilmişdir.

Tanınmış siyasi xadim, 1999-2002-ci illərdə Pakistanın xarici işlər naziri olmuş Abdul Səttarın ali qonaq kimi qatıldığı, Qazaxstan, Özbəkistan, Türkmənistanın, Şri Lankanın Pakistandakı səfirlərinin, digər ölkələrin diplomatlarının, media mənsublarının, tədqiqatçıların, alim və tələbələrin iştirak etdiyi seminarda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Pakistanın keçmiş xarici işlər naziri Abdul Səttar, Pakistan Preston Universitetinin rektoru Abdul Basit, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun prezidenti Asif Nur, Mərdan Qadınlar Universitetinin professoru Adnan Sərvər, Milli Müdafiə Universitetinin Beynəlxalq Əlaqələr İdarəsinin sabiq müdiri, professor Məhəmməd Xan, Mərkəzi Asiya və Qafqaz üzrə ekspert Mahmud-ul-Həsən Xan çıxış etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxışında SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə, Dağlıq Qarabağın Ermənistana verilməsi cəhdlərinə və Azərbaycanın nəin bahasına olursa olsun SSRİ-nin tərkibində saxlanılmasına etiraz edərək azadlıq tələb edən Azərbaycan xalqına qarşı Sovet qoşunları tərəfindən 19-20 yanvar 1990-cı il tarixində törədilən cinayətin Azərbaycanın müstəqilliyə qovuşmasına mane ola bilmədiyini, əksinə, Azərbaycan xalqını birləşdirdiyini və azadlıq istəyini daha da alovlandırdığını və Azərbaycanın sonda müstəqilliyini yenidən bərpa etdiyini qeyd etmişdir. O, həmin dövrdə hətta informasiya blokadasında saxlanılan Azərbaycanın haqq səsinin ümummilli lider Heydər Əliyevin etiraz bəyanatları nəticəsində dünya ictimaiyyətinə çatdırıldığını, dünya ictimaiyyətinin diqqətinin bu qətliama cəlb olunduğunu vurğulamışdır. Səfir müstəqilliyini yenidən bərpa etdikdən sonra Pakistanın Azərbaycanı ilk tanıyan ölkələrdən biri olduğunu və təcavüzkar Ermənistanı bir dövlət kimi bugünədək tanımadığına görə, Pakistan dövlətinə və xalqına təşəkkür etmişdir.

Tanınmış diplomat və siyasi xadim, sabiq xarici işlər naziri Abdul Səttar çıxışında Azərbaycanın dünyanın qədim mədəniyyətə malik ölkələrindən, eyni zamanda İslam mədəniyyətinin təmsilçilərindən olduğunu, böyük Nizami Gəncəvinin vətəni olduğunu, burada azadlıq ideyalarının həmişə üstün tutulduğunu, böyük mədəni, elmi və iqtisadi potensiala, müdrik rəhbərlərə malik Azərbaycanın öz azadlığı uğrunda mühüm fədakarlıqlar etdiyini bildirmişdir. Natiq 20 yanvar qırğınının Azərbaycan xalqının azadlıq əzmini qıra bilmədiyini, lakin müstəqilliyini qazanan Azərbaycanın Ermənistanın işğalı ilə üzləşdiyini vurğulamışdır. Buna baxmayaraq, uzaqgörən liderlərin rəhbərliyi altında Azərbaycanın müstəqilliyini qoruyaraq, regionun və dünyanın ən sabit ölkələrindən olmağı bacardığını, həm qonşularla, həm də şərq və qərb ölkələri ilə yaxşı münasibətlər yaratdığını qeyd etmişdir. 

Preston Universitetinin rektoru Abdul Basit 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki mühüm rol oynadığını, mədəni və iqtisadi resurslara sahib olan Azərbaycanın gündən-günə dünyada öz mövqeyini möhkəmlətdiyini qeyd etmişdir.

İslamabadda fəaliyyət göstərən Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun prezidenti Asif Nur nitqində 20 Yanvar faciəsinin Azərbaycan siyasi tarixinin önəmli səhifələrindən biri olduğunu, SSRİ rəhbərliyinin təcavüzkarlıq və qəddarlığının Azərbaycan xalqının azadlıq istəyini daha da gücləndirdiyini qeyd etmişdir.

Mərdan Qadınlar Universitetinin professoru Adnan Sərvər yenidənqurma ideyaları ilə humanist görüntü verən Qorbaçov hakimiyyətinin Azərbaycan xalqının təbii hüquqlarını qan içində boğmağa çalışmasını imperiya siyasətinin bariz təzahürü kimi qiymətləndirmiş, 150 il ərzində çar Rusiyası və SSRİ-nin tabeliyində yaşamağa məcbur olan Azərbaycan xalqının əsarətlə barışmadığını, sonda azadlığına qovuşduğunu diqqətə çatdırmışdır.

Mərkəzi Asiya və Qafqaz üzrə ekspert Mahmud-ul-Həsən Xan müstəqillik tələb edən Azərbaycan xalqına qarşı qadın, uşaq, yaşlı fərqi qoymadan həyata keçirilən 20 Yanvar qətliamının əslində dünya coğrafiyası və tarixinin dəyişməsinə səbəb olduğunu, SSRİ-nin dağılmasını və Azərbaycanın müstəqil olmasını şərtləndirdiyini ifadə etmişdir.

Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq müdiri, professor Məhəmməd Xan, 1828-ci ildən etibarən işğal altında olsa da Azərbaycan xalqının heç zaman əsarəti, yadların siyasi və mədəni hökmranlığını qəbul etmədiyini, özünün mədəniyyətini, dilini və milli mənliyini qoruduğunu, 1918-ci ildə qazandığı müstəqilliyini yenidən əldə etmək üçün mübarizəsini davam etdirdiyini, Sovet İmperiyasının məhz bu azadlıq duyğularını boğmaq üçün 20 Yanvar qırğınını törətdiyini, lakin cəsur Azərbaycan xalqının 1991-ci ildə yenidən müstəqilliyinə qovuşduğunu çatdırmışdır. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, həmin tarixdən iki xalq və dövlət arasında qarşılıqlı dostluq və mehribanlığın bərqərar edildiyini vurğulamışdır.

Seminarda  Azərbaycana və 20 Yanvar faciəsinə dair iştirakçıları maraqlandıran suallar da cavablandırılmış və 20 Yanvar hadisələrinə dair sənədli film də nümayiş etdirilmişdir.

Seminarın keçirildiyi zalın foyesində 20 Yanvar hadisələrinə dair foto-stendlər, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar da sərgilənmiş, tələbələr arasında yayılmış və iştirakçılara paylanmışdır.  

Konfrans iştirakçılar tərəfindən maraqla qarşılanmış və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə başa çatmışdır.

növbəti xəbər əvvəlki xəbər