2017-01-20
Azərbaycanın “Qara yanvar”ı

Ötən əsrin sonlarında SSRİ dağılan zaman erməni millətçiləri Azərbaycanın Dağlıq Qarabağ regionuna ərazi iddiları irəli sürdü. O zaman Dağlıq Qarabağ Azərbaycanın tərkibində əhalisinin əksəriyyəti erməni olan muxtar vilayət idi. Nəticədə Dağlıq Qarabağda toqquşmalar başladı. Bununla yanaşı, 1988-ci ildən etibarən Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını doğma evlərindən qovmağa başladılar. O dövrdə Sovet İttifaqının lideri olan Mixail Qorbaçov isə gərginliyi azaltmaq əvəzinə, erməni separatçılarının tərəfini tutdu. Nəticədə minlərlə azərbaycanlı etirazçı paytaxt Bakının və başqa şəhərlərin mərkəzi küçələrinə axışdı. Onlar kommunist rejiminə son qoyulmasını, Azərbaycanın müstəqilliyinin və suverenliyinin bərpasını tələb edirdilər. Bu, sovet rəhbərliyi üçün qəbuledilməz idi və onlar hərəkətə keçdi...

1990-cı ilin 19 yanvar gecəsi xüsusi təyinatlıların daxil olduğu 26 min sovet əsgəri müxtəlif istiqamətlərdən Bakıya daxil oldu və insanlara hücum etdi. Onlar nümayişə çıxmış insaları güllələməyə başladı. Bakı qarnizonu ilə Daxili Qoşunlar da onlara qoşuldu; silahsız insanlar güllələndi, tankların altında əzildi. Qeyri-qanuni və analoqu olmayan bu hadisə nəticəsində 134 nəfər həkak oldu, təxminən 700 insan yaralandı, 841 nəfər həbs edildi və 5 nəfər itkin düşdü. Öldürülənlər arasında uşaqlar, yaşlılar, qadınlar, müxtəlif etnik və dini qrupların təmsilçiləri (ruslar, yəhudilər, tatarlar) var idi. Əsgərlər 200 evi, dövlət və özəl mülkiyyəti viran qoydular. Bu hərbi əməliyyatlar SSRİ və Azərbaycan SSR-in Konstitusiyasına, o cümlədən “Siyasi və vətəndaş hüquqları haqqında beynəlxalq saziş”ə zidd idi.

Bu hərbi əməliyyatın əvvəldən planlaşdırıldığı aydın idi. Hərbi birləşmələr ilk öncə Azərbaycan dövlət televiziyasının enerji bloku partlatmışdı. Bu, Azərbaycan xalqının məlumatsız qalması üçün edilmişdi.

Bundan başqa, bu terror aktından bir neçə gün öncə Sovet İttifaqının müdafiə və daxili işlər nazirləri, o cümlədən hərbi rəsmiləri Moskvadan Bakıya səfər etmişdilər. Fövqəladə vəziyyət isə hərbi əməliyyatların başlamasından bir neçə saat sonra elan edilmişdi. Baş verənlər göstərirdi ki, qətliamda əsas məqsəd müstəqillik tələb edən xalqa “dərs vermək” olub.

Amma Sovet hökumətinin bu planı iflasa uğradı. Azərbaycanın ümummilli lideri Heydər Əliyev SSRİ Dövlət Təhlükəsizlik Komistəsinin onu izləməsinə və həyatına təhlükə yaranmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək qətliama görə SSRİ rəhbərliyini sərt tənqid etdi. Bu, SSRİ rejiminə qarşı ilk açıq çıxış idi. Nəticədə informasiya blokadası dağıdıldı, azərbaycanlıların qəlbində inam yarandı.

Bakını nəzarətdə saxlayan hərbçilərin xəbərdarlığına baxmayaraq, 1 milyon azərbaycanlı 1990-cı il yanvarın 22-də qanlı gecədə həyatını itirmiş qurbanların dəfninə yollandı. Bütün ölkə əhalisi 40 günlük tətil elan etdi. Bu, Azərbaycanın neft müəssisələrindən asılı olan SSRİ iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Azərbaycan SSR parlamentinin xüsusi sessiyasında sovet ordusunun hərbi əməliyyatı qınandı.

Faciəyə beynəlxalq təşkilatlar da reaksiya verdi. “Human Rights Watch” təşkilatının “Azərbaycanda qara yanvar” başlıqlı hesabatında deyilir: “Həqiqətən də, yanvarın 20-nə keçən gecə sovet ordusu bütün azərbaycanlıları kütləvi olaraq cəzalandırmaq üçün zorakılığa əl atıb. Sovet rəsmiləri bildiriblər ki, sovet ordusunun məsələyə müdaxiləsində əsas məqsəd hökumətin əsasını təşkil edən komunistlərin idarəçiliyinin millətçi qüvvələrdən, komunist ideologiyasına malik olmayan müxalifətdən qorumaq olub. Bəlkə də Bakı əhalisinin sovet əsgərləri tərəfindən cəzalandırılması yalnız azərbaycanlı millətçilərə deyil, həm də SSRİ-nin tərkibində olan digər respublikalarındakı millətçilərə xəbərdarlıq məqsədi daşıyıb”.

“Qara yanvar” Azərbaycan tarixinin dönüş nöqtəsi idi. Xalq əhaliyə qarşı zorakılığa mənfi reaksiya verdi. Sovet rəhbərliyisə bu zorakılıqla imperiyanı qoruyub saxlamaq şansını itirdi və müstəqillik uğrunda mübarizə aparan milli hərəkat dirçəldi. Hərbi, siyasi və mənəvi zorakılığa baxmayaraq, Azərbaycan milli hərəkatı bütün gücü ilə mübarizəni davam etdirdi və SSRİ-yə qarşı dayana bildi. Bu, SSRİ-nin dağılmasının başlanğıcı idi. Sonralar M.Qorbaçov deyib ki, “Bakıda fövqəladə vəziyyətin elan edilməsi və oraya ordunun göndərilməsi siyasi karyeramda ən böyük səhvim idi...” (1995-ci il, 27 aprel, İstanbul).

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi. Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli sərəncamı ilə qətliamın qurbanları “20 yanvar şəhidləri” adına layiq görüldü. 20 yanvar şəhidlərinin ailələri pulsuz evlə təmin edildi, onlara pulsuz təhsil, səhiyyə və digər güzəştlər verildi.

Azərbaycan xalqı hər il “Qara yanvar” qətliamını və bu faciənin qurbanlarını yad edir. Həmin gün yüz minlərlə azərbaycanlı Şəhidlər Xiyabanına axışır. Həmin gün həyatını itirmiş şəhidlər Azərbaycanın azadlığı uğrunda həyatını qurban vermiş ilk insanlardır. Azərbaycan hazırda bu müstəqillikdən faydalanır. Bu qəhrəmanlar heç vaxt unudulmayacaq. Həmin qanlı gündə vətənin oğulları və qızları həyatlarını itirərkən Azərbaycan tarixinin ən şanlı səhifəsini yazıb və müstəqilliyin təməlini qoyublar.

növbəti xəbər əvvəlki xəbər