2017-01-23
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşmüşdür.

Görüşdə Azərbaycan və Pakistanın hərbi sahədə əməkdaşlığının davamı və qarşıda duran vəzifələr, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılmışdır.

Ermənistanın təcavüzkar siyasəti haqqında məlumat verən səfir Pakistan dövləti və xalqının, eyni zamanda ordusunun ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirmişdir. Azərbaycan Prezidentinin qardaş Pakistanla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir Əli Əlizadə, Azərbaycanın hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırmışdır.

Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin tarixi, mədəni, dini əsaslara, ortaq dəyərlərə söykəndiyini, Pakistanın Azərbaycanla əməkdaşlığa daim diqqət göstərdiyini, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin davam edəcəyini qeyd etmiş, Kəşmir məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür etmişdir. 

növbəti xəbər əvvəlki xəbər
bakushop