2017-02-03
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Islam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin salamlarını  assambleyanın sədrinə çatdıran səfir Əli Əlizadə, Pakistan Milli Assambleyasının rəhbərliyi və üzvləri tərəfindən Azərbaycana münasibətdə göstərilən diqqətin məmnunluqla qarşılandığını bildirib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib, assambleya sədrinin cari ildə Azərbaycana səfərinin bu əlaqələrə xüsusi tövhə verəcəyini bildirib. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına və Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyə  görə də təşəkkür edən səfir, Azərbaycanın da Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində, o cümlədən Kəşmirdə həyata keçirilən hümanitar və sosial yönümlü layihələr haqqında məlumat verən səfir, bu layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb, bu layihələrin gələcəkdə də fond tərəfindən davam etdiriləcəyini bildirib.

Cari ilin fevral ayında 25-ci ildönümü tamam olacaq, təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı Soyqrımının tanınması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin vaxtıilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Pakistan Islam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu bildirib, Azərbaycanın  Kəşmir məsələsindəki mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dağlıq Qarabağ məsələsinin diqqətdə saxlandığını, Pakistanın daim Azərbaycanı dəstəklədiyini bildirən Sərdar Ayaz Sadiq 1992-ci ildə törədilmiş Xocalı soyqrımının da unudulmadığını bildirib. Parlamentlərarası əlaqələrin daha da artırılması gərəkdiyini vurğulayan assambleya sədri münasib zamanda Azərbaycana səfər edəcəyini qeyd edib. 

növbəti xəbər əvvəlki xəbər