2017-03-28
Pakistanın “Election Times” qəzetinin Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammitinə həsr edilmiş xüsusi buraxılışı dərc olunmuşdur. Buraxılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sammitdəki çıxışına və Azərbaycan-İƏT əlaqələri və Azərbaycanın İƏT çərçivəsindəki fəaliyyətinə yer verilmişdir.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti nitqində, Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin hər iki ölkəni birləşdirdiyini, qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməkdə davam edən Ermənistanla diplomatik münasibətlər qurmadığını vurğulamış, Azərbaycan xalqının minnətdarlığını çatdırmışdır. Prezident həmçinin, 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı Xocalı Soyqırımını törətdiyini, Pakistanın bu soyqırımı tanıdığını bildirmiş, Pakistan Senatının Xocalı Soyqırımını tanıdığına görə, Pakistana təşəkkürlərini ifadə etmişdir.

Azərbaycan Prezidenti Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, habelə İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin mövcudluğunu, Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalı olduğunu diqqətə çatdırmışdır.

İslamofobiyanın ən ciddi təhlükələrdən biri olduğunu qeyd edən Azərbaycan Prezidenti Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulamışdır.

Prezident Azərbaycanın İƏT ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verdiyini, qarşılıqlı ticarət və sərmayələrin artırılmasının, ixrac imkanlarının genişləndirilməsinin məqsədə xidmət edəcəyini, İƏT Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələr tərəfindən dəstəklənməsinin zəruriliyini ifadə etmişdir.

 Xüsusi buraxılışda dərc olunmuş “Azərbaycan və 13-cü İƏT Sammiti” başlıqlı məqalədə isə, bu dəfəki Sammitin devizinin “Regional Firavanlıq üçün Əlaqələndirmə” (Connectivity for Regional Prosperity) olduğu qeyd olunur və burada əsas məqsədin daha dərin iqtisadi inteqrasiya və birbaşa insanlararası münasibətlərin genişləndirilməsi olduğu bildirilir. Sammit çərçivəsində ticarət, enerji, turizm, sənaye, ətraf mühit və digər sahələrlə bağlı müzakirələrin getdiyi və birgə qərarların qəbul edildiyi diqqətə çatdırılır.

Müəllif Sammit çərçivəsində qəbul edilmiş “İƏT: Gələcəyə Baxış - 2025” sənədində üç əsas prinsipin – davamlılıq, inteqrasiya və əlverişli mühit – yer aldığını qeyd edir. Sammitin yekununda qəbul olunmuş İslamabad Bəyannaməsində isə regiondakı münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin bölgədəki iqtisadi inkişafa və layihələrin tam gücü ilə həyata keçirilməsinə maneçilik törətdiyi vurğulanır.

Məqalədə Azərbaycan Prezidentinin Pakistana səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərə də yer verilir. Baş nazir Nəvaz Şəriflə keçirilmiş görüşdə İslamabad Bəyannaməsinin və “İƏT: Gələcəyə Baxış - 2025” sənədinin təşkilatın gələcək fəaliyyəti üçün yol xəritəsi olacağı qeyd edilmiş, həmçinin Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud potensialı əks etdirmədiyi və yaxın gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə böyük ümidlərin olduğu vurğulanmışdır. Tərəflər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunması barədə də razılığa gəlmişlər.

Məqalədə Pakistan Baş nazirinin Azərbaycan Prezidentinə Kəşmir məsələsindəki dəstəyə görə təşəkkür etdiyi, öz növbəsində Pakistanın da Dağlıq Qarabağ münaqişəsindəki prinsipial mövqeyini davam etdirəcəyini dediyi diqqətə çatdırılır. Görüş çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair sazişin imzalandığı bildirilir.

Müəllif yekunda, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Məmnun Hüseynlə görüşünə toxunur və görüşdə iki ölkənin Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birinə verdiyi qarşılıqlı dəstəkdən razılığın ifadə olunduğunu və iqtisadi əlaqələrin, eləcə də ticarət dövriyyəsinin genişləndirilməsinin labüdlüyünün vurğulandığını oxuculara çatdırır. Pakistan Prezidenti azərbaycanlı iş adamlarını ölkəsindəki liberal investisiya mühitindən və mövcud böyük bazardan faydalanmağa çağırmışdır.

 

http://electiontimes.pk/president-h-e-ilham-aliyevs-speech-during-13th-eco-summit-in-islamabad/

http://electiontimes.pk/coas-congratulates-nation-on-successful-parade/

növbəti xəbər əvvəlki xəbər