2017-04-21
Heydər Əliyev Fondunun yardım və hədiyyələri Pakistanın Rara məktəbinə təqdim olunmuşdur

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Müzəffərabad şəhərinə səfər etmiş, 2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Müzəffərabad şəhərində inşa edilmiş, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adını daşıyan Rara məktəbində olmuşdur.

Səfir Əli Əlizadə məktəbin müəllim heyəti və şagirdləri ilə görüşərək, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun adını daşıyan Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbi ziyarət etməkdən qürur duyduğunu bildirmişdir. Səfir, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi sosial və humanitar layihələr barədə məlumat vermişdir. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif ölkələrdə, xususən Pakistanda xeyli sayda layihələr həyata keçirdiyini qeyd etmişdir. Bu layihələr içərisində 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələdən sonra Müzəffərabad şəhərində 400 şağird yerlik Rara qızlar məktəbinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən inşa edilməsinin Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bir təzahürü, eyni zamanda təhsilə göstərilən diqqət və qayğının bir nümunəsi olduğunu bildirmişdir. Səfir Azərbaycanın Pakistanla əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, Azərbaycan və Pakistanın hər zaman bir birinə daim dəstək göstərdiyini, Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyinə görə Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını, həmçinin, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə təmas qrupunun üzvü olduğunu, Dağlıq Qarabağ və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll olunması gərəkdiyini bildirmişdir. Səfir, həmçinin məktəbdə tədrisin mövcud vəziyyəti ilə yaxından tanış olmuş və məktəbin ehtiyacları ilə maraqlanmışdır. Səfir Heydər Əliyev Fondunun yardım və hədiyyələrini, uşaqlar üçün alınmış dərslikləri, məktəbli formalarını, kompüter və printerləri, dəmir seyfləri, idman ləvazimatlarını, əyani dərs materiallarını, xəritə, məlumat lövhələrini, uşaq oyuncaqlarını və müəyyən digər hədiyyələri məktəbə təqdim etmişdir. Səfir həmçinin Heydər Əliyev Fondunun nəşr etdiyi müəyyən kitabları, eləcə də  Pakistanda urdu və ingilis dillərində dərc edilmiş “Heydər Əliyev", ““Azərbaycanın qısa dövlətçilik tarixi”, “Xocalı Soyqırımı şahidlərin dili ilə”, "Azərbaycan poeziyası", "Azərbaycan Qafqazın cənnəti", eləcə də Azərbaycan və Azərbaycan həqiqətlərinə dair digər kitabları, jurnal və  bukletləri məktəbə təqdim etmişdir.

Əyalətin təhsil nazirinin müavini İrşad Əhməd Qureyşi və məktəbin direktoru xanım Nighat Şahin Fond tərəfindən tikilmiş Rara məktəbinin şağirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim və tərbiyəsində önəmli rolunun olduğunu, təhsil üçün yaradılmış əlverişli şəraitə, diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, xanım Mehriban Əliyevaya hökümətin və özlərinin dərin təşəkkürlərinin çatdırılmasını xahiş etmişlər. 

Sonda məktəblilər müxtəlif mədəni nömrələr nümayiş etdirməklə öz fəaliyyətlərini təqdim etmişlər.

 

növbəti xəbər əvvəlki xəbər
bakushop