2017-05-04
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasınnın yeni xarici işlər katibi xanım Təhminə Janjua ilə görüşüb.

. Onu yeni təyinatı, eyni zamanda Pakistanın ilk xanım xarici işlər katibi olması münasibətilə təbrik edən səfir, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini,  beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edib, Azərbaycan Respublikası Prezidentinin Pakistana səfərinin, eləcə də Pakistan Prezidenti və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhvə verdiyini bildirən səfir, Pakistanla bütün sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari, hərbi-texniki əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlarımız arasında münasibətlərin daha da istiləşməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Pakistan Islam Respublikasının xarici işlər katibi xanım Təhminə Janjua Azərbaycan-Pakistan münasibətlərinin inkişafında və yüksək səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin və xalqlarının önəmli rolunun olduğunu qeyd edib, bu istiqamətdə qarşılıqlı səylərin artırılacağını bildirib. Dağlıq Qarabağ məsələsinin tək Azərbaycanın məsələsi deyil eyni zamanda Pakistanın da məsələsi olduğunu, Dağlıq Qarabağ məsələsində Pakistanın prinsipial mövqeyinin, Azərbaycana dəstəyinin  hər kəsə bəlli olduğunu diqqətə çatdırıb. Azərbaycanla əlaqələrin bütün sahələrdə daha inkişafına önəm verdiklərini  bildirən xanım Təhminə Janjua, bu il Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümünün qeyd olunacağını, hər iki ölkənin xarici işlər nazirlikləri arasında bundan sonra da səmərəli əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam edəcəyini vurğulayıb.

Səfir Əli Əlizadə Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın daim yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər