2018-04-25
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə yeni təyin olunmuş federal müvəkkili Kaşmala Tariq ilə görüşüb.

Səfir Əli Əlizadə Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, seçilməsi, insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, müvəkkil aparatı və regional mərkəzləri, insan hüquqları sahəsində görülən maarifləndirmə işləri, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istaqəmətində aparılan islahatlar, qəbul olunmuş və həyata keçirilən dövlət proqramları haqqında məlumat verib. Azərbaycanın 20 faiz torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğunu, lakin özlərini insan hüquqları sahəsində qabaqcıl hesab edən bir çox aparıcı xarici təşkilatların və dövlətlərin bu cür hallara laqeyid yanaşdığını, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və təmininin vacib amil olduğunu bildirən səfir Əli Əlizadə  Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini bildirmiş və buna görə müvəkkilə təşəkkür etmişdir.

Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq qadınların insan hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində Pakistanda həyata keçirilən işlər haqqında məlumat verərək, ədalətsiz münaqişələr nəticəsində kütləvi əziyyət çəkən insanların hüquqlarının bərpasının daha vacib olduğunu və ikili yanaşmalar nəticəsində bunun uzun zaman çəkməsinin təəssüfverici olduğunu qeyd etmişdir. Müvəkkil Azərbaycanın inkişafı və gözəlliyi ilə bağlı əldə etdiyi məlumatlardan məmnun qaldığını, Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili və aparatı, eləcə də Azərbaycan Səfirliyi ilə sıx işləməkdə maraqlı olduğunu və fəaliyyəti dövründə əlaqələrin daha da genişlənməsində səylərin artırılacağını vurğulamışdır.

növbəti xəbər əvvəlki xəbər