2018-05-02
Pakistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş golf turniri və müxtəlif əyləncəli yarışlar keçirilmişdir.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Bahriya Şəhərciyinin təşkilatçılığı ilə İslamabad şəhərində yerləşən Bahriya Golf Klubunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev 95 - Azərbaycan Golf Turniri” və müxtəlif əyləncəli yarışlar keçirilmişdir.Turnir və əyləncəli yarışlarda bir çox xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, tanınmış golfçular və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Turnirin qaliblərinin mükafatlandırma mərasimində çıxış edənlər, Bahriya Şəhərciyinin icraçı direktoru, ehtiyyatda olan general mayor Məhəmməd Əli Xan və Bahriya Golf Klubunun əməliyyatlar üzrə direktoru Semi Saveri bildirmişlər ki, 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə təhsilin, infrastrukturun, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verən Heydər Əliyev 1993-cü ildə tənəzzülün astanasında olan Azərbaycanda yenidən hakimiyyətə gələrək, siyasi və iqtisadi sabitliyi təmin etmiş, onun rəhbərliyi altında həyata keçirilən balanslaşdırılmış və müdrik siyasət nəticəsində Azərbaycanın suverenliyi və müstəqilliyi təmin edilmiş, xarici siyasətdə regional və qlobal güclərlə ittifaqlar təsis edilmişdir. Əsrin müqaviləsinin imzalanması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi Heydər Əliyevin neft strategiyasının böyük uğurlarındandır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş turnirdə yüksək səviyyəli iştirakdan və göstərilən maraqdan məmnuniyyətini və təşəkkürlərini ifadə edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə  Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycanın siyasi və iqtisadi həyatında oynadığı müstəsna roldan bəhs etmiş, onun gerçəkləşdirdiyi islahatlar nəticəsində ölkədə bütün sahələrdə möhkəm və davamlı inkişafın bərqərar edildiyini vurğulamışdır. Golf turnirinin ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olmasının təsadüf olmadığını bildirən səfir Əli Əlizadə, Heydər Əliyevin Azərbaycanda idman sahəsinin də inkişifana xüsusi önəm verdiyini, məhz onun yürütdüyü siyasət nəticəsində idman sahəsinin irəli getdiyini, Azərbaycan idmançılarının dünya olimpiadalarında, beynəlxalq yarışlarda mühüm nailiyyətlərə imza atdıqlarını qeyd etmişdir.

Çıxışlardan sonra turnirdə və əyləncəli yarışlarda fərqlənənlərə müxtəlif kuboklar, milli suvenirlər və qaliblərdən ilk yerləri tutmuş qolfçulara isə Azərbaycana səyahət etmək üçün Pakistanın Şahin Hava Yolları tərəfindən İslamabad-Bakı marşrutu üzrə 4 ədəd ikitərəfli  təyyarə biletləri təqdim olunmuşdur.

Mərasim şam ziyafəti ilə davam etmiş və musiqili konsert proqramı ilə yekunlaşmışdır.     

növbəti xəbər əvvəlki xəbər