2018-05-11
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının federal ticarət naziri Pərviz Maliklə görüşmüşdür.

Görüşdə iki ölkə arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunmuş, iqtisadi və ticari əlaqələrin daha da artırılması perspektivləri, mövcud potensialdan səmərəli istifadə olunması haqqında müzakirələr aparılmışdır. Əlaqələrin inkişafında hər iki ölkənin müvafiq iqtisadi qurumları ilə yanaşı iş adamlarının da önəmli rolunun olduğu qeyd olunaraq biznes forumların və işgüzar görüşlərin intensivləşdirilməsi, ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində səylərin artırılması haqqında fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında 2017-ci ildə yaradılmış İqtisadiyyat və Ticarət üzrə birgə İşçi Qrupunun ilk iclasının Bakıda keçirildiyi vurğulanaraq növbəti iclasın İslamabadda təşkil olunması imkanları da görüşdə nəzərdən keçirilən məsələlərdən olmuşdur. Səfir Əli Əlizadə Azərbaycanda iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlarldan Pakistanlı iş adamlarının yararlanması, eləcə də Pakistanın təklif etdiyi imkanlardan azərbaycanlı sahibkarların istifadə etməsi üçün səfirliyin səylərini artırdığını vurğulamışdır.

Görüşdə həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi və müqavilə-hüquq bazasının artırılması haqqında da fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər