2018-06-22
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Baş naziri cənab Nasirul Mulk ilə görüşmüşdür.

Azərbaycan Respublikası rəhbərliyinin salamlarını çatdıran səfir, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu diqqətə çatdırmışdır. Əli Əlizadə mövcud olan səmərəli  əlaqələrin hazırkı vəziyyəti, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, imzalanmış sənədlər, viza rejiminin sadələşdirilməsi, turizm əlaqələrinin genişləndirilməsi sahəsində görülmüş işlər haqqında məlumat vermiş, Azərbaycanın Pakistanla iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji və digər sahələrdə əməkdaşlığın daha da artırılmasına maraqlı olduğunu bildirmişdir. Səfir Pakistanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinin və Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Pakistan İslam Respublikasının Baş naziri Nasirul Mulk Pakistan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət, inam və səmiyyət üzərində qurulduğunu bildirmişdir. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Pakistana səfərinin əlaqələrin daha da inkişafına təkan verdiyini bildirən Baş Nazir Nasirul Mulk, salamlarının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmişdir. Pakistanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyinin bəlli olduğunu, Pakistanın həmişə Azərbaycanın yanında olduğunu qeyd edən Baş nazir, Azərbaycanın da Pakistana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirmiş, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriləcəyini vurğulamışdır. Azərbaycanın təşəbbüsu ilə ötən il yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini bildirən Baş nazir bu formatda xarici işlər nazirlərin 2-ci görüşünün İslamabadda təşkil edilməsinə Pakistanın hazır olduğunu qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər