2018-06-22
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunmuşdur.

İslamabad şəhərinin Serena mehmanxanasında təşkil olunmuş və Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Mücahid Ənvər Xanın ali qonaq qismində qatıldığı rəsmi qəbulda, Pakistanın Pəncab əyalətinin qubernatoru, Pakistan Silahlı Qüvvələrinin bir sıra generalları, kontr admiralları, aviasiya vitse marşalları, digər yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistanda akkreditə olunmuş səfirləri, hərbi attaşeləri, diplomatlar, dövlət və hökumət adamları, tanınmış ziyalılar, biznesmenlər, jurnalistlər və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişdir.

Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycanın Umummilli Lideri və digər görkəmli şəxsiyyətlərinə aid, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları özündə əks etdirən fotoşəkillər və stendlərlə bəzədilmiş, cari ildə keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin banerləri və broşürləri də salonda yerləşdirilmişdir. Salonun mərkəzində qurulmuş böyük elektron monitorda Silahlı Qüvvələrimizin hazırki döyüş qabiliyyətini, maddi-texniki bazasını, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını və turizm imkanlarını əks etdirən videoçarxlar təqdim olunmuşdur.

Salonun girişində hərbi attaşe polkovnik Mehman Novruzov tərəfindən yağlı boya ilə çəkilmiş Ulu Öndər Heydər Əliyevin portreti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanının portretləri, eləcə də 2016-cı ilin aprel döyüşləri nəticəsində düşmən işğalından azad olunmuş Lalə İlahi təpə və yeni Cocuq Mərcanlı kəndinin görüntülərini özündə birləşdirən kompozisiya rəsm əsərləri sərgilənmişdir. 

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda qonaqları salamlayan Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu il Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən təntənəli şəkildə qeyd olunan Azərbaycan Demokratik Respublikasının və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinin Azərbaycan tarixində əlamətdar tədbirlər olaraq yadda qalacağını və bu bayram tədbirlərinin Azərbaycana dost və qardaş ölkə olan Pakistanda keçirilməsinin də xüsusi əhəmiyyətinin olduğunu qeyd etmişdir. Səfir, tarix boyu bir çox çətinliklərlə qarşılaşmasına baxmayaraq, Azərbaycan xalqının dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bir çox nailiyyətlərə imza atdığını və hal-hazırda Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd etmişdir. Səfir səmərəli əməkdaşlıq və tərəfdaşlığa görə Pakistana və Pakistan Silahlı Qüvvələrinə də təşəkkürlərini bildirərək, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təbriklərini və iştirakçılara təşəkkürlərini çatdırmışdır.  

Tədbirdə çıxış edən, Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışmışdır. O, Azərbaycanın Demokratik Respublikası dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da Azərbaycanın erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-93-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd etmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan, eləcə də BMT TŞ-na daimi üzv olan ölkələr tərəfindən icra olunmadığı bildirən M.Novruzov Azərbaycan dövlətinin və xalqının Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlarının erməni terrorçuları tərəfindən mövcud işğalı faktı ilə heç vaxt barışmayacağını və Ali Baş Komandan – Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi olaraq işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün çox yaxında olduğunu vurğulamışdır. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlara sahib Azərbaycan ordusunun son nailiyyətləri, eləcə də Pakistanla əlaqələri haqqında da məlumat verərək iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Pakistanın Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Mücahid  Ənvər Xan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və şəxsi heyətini, Azərbaycan dövləti və xalqını bu tarixi gün münasibətilə təbrik etmiş və təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə  davam etdirilməsi nəticəsində Azərbaycan ordusunun böyük inkişaf və nailiyyətlərə imza atdığını vurğulamışdır. Mücahid Ənvər Xan Pakistan-Azərbaycan əlaqələrinin uzun zamandır sınaqdan keçmiş möhkəm təməllər üzərində qurulmuş əlaqələr olduğunu bildirərək Pakistanın 2005-ci ildə üzləşdiyi zəlzələ, eləcə də 2010 və 2011-ci illərdə sel basqınlarının fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Pakistan dövlətinə və xalqına göstərdiyi dəstəyi də xatırlatmışdır. Azərbaycan və Pakistanın Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir birinə göstərdiyi dəstəyin də önəmini qeyd edən aviasiya marşalı Mücahid  Ənvər Xan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Çıxışlardan sonra Azərbaycandan dəvət olunmuş sənətçilər, müğənnilər Pərviz Abdullayev, Mehparə Cəfərova və sintezator ifaçısı Ruslan Cabbarovun tədbir boyunca ifa etdikləri Azərbaycan xalq mahnıları və nəğmələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.  

Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanlarına, həmçinin Azərbaycanın mədəniyyətinə, tarixinə, turizm potensialına və uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdirilmiş, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər, və digər əyani materiallar tədbir iştirakçılarına paylanmışdır. Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər