2018-10-08
Pakistanda keçirilmiş beynəlxalq turizm sərgisində ilk dəfə olaraq iştirak edən Azərbaycan şirkətlərinin pavilyonu böyük maraqla qarşılanmışdır

Pakistanın Kəraçi şəhərində bu ölkənin əsas beynəlxalq səyahət və turizm sərgisi olan "Pakistan Travel Mart" sərgisi keçirilmişdir. Sərgidə Pakistan, Malayziya, Vyetnam, Şri-Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən bir sıra turizm, sığorta şirkətləri, otellər, aviaşirkətlər öz xidmətlərini nümayiş etdirmişlər. Kəraçi Expo Mərkəzində keçirilmiş Azərbaycanın Pakistandakı Səfirliyinin əməkdaşlarının da qatıldığı sərgidə ikinci böyük heyətlə iştirak edən ölkəmiz ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 18 müxtəlif turizm şirkəti və otel nümayəndələrindən ibarət olan 30 nəfərlə və təmsil olunmuşdur.

Azərbaycanı təmsil edən şirkətlərin stendləri ziyarətçilər və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. AZTA üzvləri Azərbaycana aid stendlərlə maraqlanan hər bir iştirakçıya Azərbaycanın turizm sənayəsində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat təqdim etmişlər. Sərgi çərçivəsində müxtəlif mövzularda konfranslar və beynəlxalq forum da təşkil olunmuşdur. Qeyd olunan forumda, konfranslarda, eyni zamanda Pakistanın Xeybər-Paxtunxva və Gilgit-Baltistan əyalətlərinin turizm üzrə nazirlərinin iştirakı ilə təşkil edilmiş şam yeməyində çıxış edən Azərbaycan nümayəndələri təşkilatçılara öz təşəkkürlərini çatdırmış, ölkəmizdə xüsusən son illərdə turizm sahəsində olan inkişafı və ölkəyə gələn turistlərin sayındakı ciddi artımı qeyd etmiş, bunun Azərbaycan-Pakistan dostluq münasibətlərinə də müsbət təsir edərək insanlararası əlaqələrin inkişafındakı rolunu vurğulamışlar. Həmçinin, Forumda iştirak edən Pakistanın Sind əyalətinin təhsil, mədəniyyət və turim naziri Azərbaycanın turizm sektorunda əldə olunmuş inkişafı və həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, nümunə olduğunu bildirmişdir.

Sərgidə Azərbaycanın Pakistandakı Səfirliyinin hazırladığı Azərbaycana və Azərbaycan turizminə aid bükletlər, eləcə də Azərbaycan Turizm Assosiasiyasının və turizm şirkətlərinin müxtəlif təbliğat materialları da iştirakçılar arasında yayılmışdır.

Məlumat üçün bildirək ki, son iki il ərzində Pakistandan ölkəmizə gələn turistlərin sayında 8 dəfədən çox artım müşahidə edilmişdir. Bu cür tədbirlərdə Azərbaycanın turizm şirkətlərinin iştirakı və ölkəmizin turizm potensialının təbliği Pakistandan olan turist axının daha da artmasına öz töhfəsini verəcəyi şübhəsizdir.   

növbəti xəbər əvvəlki xəbər