2018-10-09
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haqla görüşüb.

Səfir Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanın Pakistanla siyasi əlaqələrlə yanaşı, iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da artırılmasına maraqlı olduğunu bildirib. Səfir Azərbaycanın Pakistana dəstəyinin davam edəcəyini və Pakistanın da Dağlıq Qarabağ və digər həssas məsələlərdə Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haq Pakistanın həmişə Azərbaycan kimi yaxın dost  və qardaş ölkələrlə əlaqələrə xüsusi önəm verdiyini və münasibətlərin daha da inkişafına çalışdığını, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriliməsi gərəkdiyini vurğulayıb.

Görüşdə həmçinin ikitərəfli səfərlərin daha da artırılması, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində dəstəyin və birgə əməkdaşlığın davam etdirilməsi vacibliyi vurğulanıb.

növbəti xəbər əvvəlki xəbər