2018-11-06
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının yeni müdafiə istehsalatı üzrə federal naziri xanım Zubeyda Cəlal Xan ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Pakistanın müdafiə sənayesi sahəsində əməkdaşlığından məmnunluq ifadə olunmuş, bu sahədə birgə layihələrin davam etdirilməsi, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın, təcrübə mübadiləsi, elmi əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, müştərək müəssisələrin yaradılması imkanları haqqında fikir mübadiləsi aparılmışdır.

Pakistan İslam Respublikasının müdafiə istehsalatı üzrə federal naziri xanım Zubeyda Cəlal Xan Pakistanın Azərbaycanla bütün sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın daha da gücləndirilməsinə maraqlı olduğunu və Pakistanın Azərbaycan ordusunu ehtiyac olan müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını vurğulamışdır. Pakistanın müdafiə istehsalatı üzrə müəssisələrinin istehsal imkanları haqqında məlumat verən nazir qarşılıqlı müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın gələcək perspektivləri və müqavilə-hüquq bazasının artırılması imkanları haqqında söhbət açmış, cari ilin 27-30 noyabr tarixlərində keçiriləcək İDEAS 2018 Pakistan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycandan da nümayəndə heyətinin dəvət edildiyini və heyətin iştirakını gözlədiklərini bildirmişdir.

 

növbəti xəbər əvvəlki xəbər