2018-12-12
Pakistanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş “Qadınların hüquq və imkanlarının artırılmasında liderlərin rolu” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı və Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının, eləcə də Pakistanın Xeybər Paxtunxva əyalətinin Hökumət Qızlar Kollecinin birgə həmkarlığı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş “Qadınların hüquq və imkanlarının artırılmasında liderlərin rolu” mövzusunda seminar Pakistanın Xeybər Paxtunxva Əyalətinin Saray Saleh, Haripur şəhərində keçirilib.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə quran ayəsinin oxunması ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanda qadınların social, siyasi, iqtisadi və mədəni həyatda artan rolunu vurğulayaraq gender bərabərliyinin Azərbaycanın milli dövlətçilik tarixində əhəmiyyətli nailiyyətlərdən biri olduğunu bildirib. Səfir 1918-ci ildə Azərbaycanda vətəndaşlara universal seçki hüququnun verildiyini, bununla da Azərbaycanın müsəlman dünyasında qadınlara seçki və digər siyasi hüquqlar verən ilk dövlət olduğunu diqqətə çatdırıb.

Ölkəmizin yenidən müstəqilliyini qazandıqdan sonra qadınların cəmiyyətdə ilbəil artan roluna toxunan səfir, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatında yeni dönüş nöqtəsi olduğunu bildirib. Azərbaycan qadınlarının problemlərinin həllinə və onların cəmiyyətdəki rolunun genişləndirilməsinə Heydər Əliyevin xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayan Əli Əlizadə, ulu öndərin rəhbərliyi ilə bu sahədə Hökumət tərəfindən həyata keçirilmiş bütün islahatların Azərbaycan qadınlarının hüquq və imkanlarını daha da artırdığını diqqətə çatdırıb.

Azərbaycanın Ümummilli Liderinin əsasını qoyduğu dövlət siyasətinin hazırda da uğurla davam etdiyini qeyd edən səfir, Azərbaycan Prezidenti İlham Əliyevin qadın məsələlərinin həllini dövlət siyasətinin prioritetləri sırasına daxil etməsinin bu istiqamətdə böyük nailiyyətlər əldə etməyə imkan yaratdığını ifadə edib. Səfir hazırda, Milli Məclisdə qadın deputatların sayının son 20 ildə 4 dəfə artdığını, Azərbaycanın Birinci Vitse-Prezidenti, həmçinin bəzi digər müxtəlif dövlət qurumların rəhbərlərinin, iş adamlarının müəyyən hissəsinin xanımlar olduğunu qeyd edib. Azərbaycan dövlətinin və  cəmiyyətinin təhsilə xüsusi diqqətlə yanaşdığını və böyük qiymət verdiyini bildirən səfir, bu səbəbdən də qadınların 95%-nin Azərbaycanda orta məktəbi bitirdiyini, qadınların hüquq və imkanlarının artırılması üçün təhsil və məşğullugun vacib amil olduğunu diqqətə çatdırıb. O, Pakistan Hökumətinin qadınların hüquq və imkanlarının artırılmasının təşviqi istiqamətindəki fəaliyyətini və bu sahədə həyata keçirilən islahatları da vurğulayıb.   

Seminarda ali qonaq qismində çıxış edən Pakistanın enerji üzrə federal naziri Ömər Əyyub Xan, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi vəfatının ildönümündə hörmətlə andığını, liderlərin rolunu və qadın hüquqlarının əhəmiyyətini vurğulayaraq, bunun ümumi insan hüquqlarının bir hissəsi olduğunu söyləyib. Pakistan xalqının öz insan hüquqlarını reallaşdıraraq daha güclü müstəqil Pakistan Dövlətini qurmaq qərarını verdiyini izah edən nazir, İlham Əliyev və İmran Xanın müdrik və vətənpərvər rəhbərliyi ilə hər iki ölkənin daha da inkişaf edəcəyini bildirib. O, bu prosesdə Pakistan və Azərbaycan qadınlarının daim əhəmiyyətli rol oynayacağından əminliyini ifadə edib.

Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının həmtəsisçisi Qeysər Nəvab Pakistan və Azərbaycan xalqları və hökumətləri arasındakı səmimi və qardaşlıq münasibətlərindən danışıb, iki ölkənin gəncləri, qadınları arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb,  gənclərin millətin gələcəyi olduğunu və qadınların hüquq və imkanlarının artırılmasının önəmini qeyd edib.  

Seminarın keçirildiyi Saray Saleh Haripur Hökumət Qızlar Kollecinin direktoru, professor Azra Yasmin çıxış edərək, Azərbaycanın sosial həyatı və mədəniyyəti barədə biliklərini paylaşıb, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanda qadınların çox yüksək hüquqlara malik olduğunu və bu hüquqları bütün sahələrdə reallaşdırmağı bacardıqlarını bildirib. O eyni zamanda, Pakistan cəmiyyətində qadınların artan rolunu əks etdirən faktlara toxunub, rəhbərlik etidiyi kollecdəki nizam-intizamın və keyfiyyətli təhsilin Pakistan qadınlarının istedadının bariz nümunəsi olduğunu vurğulayıb. 

Seminarın sonunda kollec tələbələrinin sualları cavablandırılıb, həmçinin Azərbaycan-Pakistan münasibətlərinə dair video materiallar nümayiş etdirilmiş, mövzu ilə bağlı şeirlər, müxtəlif kitablar, kollec tələbələrinin çıxışları təqdim olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər