2019-01-18
Pakistanda "Şəhidlikdən Müstəqilliyə" mövzusunda seminar keçirilmişdir

"20 Yanvar - Ümumxalq Hüzn Günü"nün 29-cu ildönümü ilə əlaqədar olaraq "Şəhidlikdən Müstəqilliyə" mövzusunda seminar Pakistanın İQRA Universitetinin həmkarlığı ilə Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən İQRA Universitetinin İslamabad kampusunda təşkil edilmişdir.

Pakistan Senatının daimi komitəsinin sədri, Senatda Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun sədri Talha Mahmudun, habelə Mərkəzi Asiya ölkələrinin, Rusiya və Belarusun Pakistandakı səfirlərinin, diplomatların, media mənsublarının, ictimai xadimlərin və universitet tələbələrinin iştirak etdiyi seminarda Azərbaycanın müstəqilliyin bərpası yolunda keçdiyi çətinliklərdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunmuş və müstəqillik yolunda hər iki ölkənin verdiyi şəhidlərinin əziz xatirəsi anılmışdır.

Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən Pakistan xarici işlər nazirinin sabiq müavini, tanınmış diplomat-səfir Abrar Hüseyn 20 Yanvar qırğınının tarixi arxa planına toxunaraq, öz konstitusion hüquqları uğrunda meydanlara axışan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliyin törədildiyini, buna baxmayaraq, Azərbaycan xalqı öz azadlıq əzmini nümayiş etdirərək müstəqilliyini qazandığını qeyd etmişdir. Diplomat Pakistanın müstəqil Azərbaycanı tanıyan və ona Dağlıq Qarabağ məsələsində istisnasız dəstək verən ilk dövlətlərdən olduğunu bildirərək, o zamandan etibarən ümummilli lider heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bütün sahələr üzrə tərəqqi əldə etdiyini, eyni zamanda Azərbaycan-Pakistan əlaqələrinin siyasi, humanitar-mədəni və iqtisadi sahələrdə də inkişaf etdiyini vurğulamışdır.

İqra Milli Universitetinin rektoru Obeyd ur Rəhman nitqində xalqların azad yaşaması üçün fədakarlığın zəruri olduğunu, Azərbaycan və Pakistan xalqlarının da mübarizə apararaq, şəhidlər verərək, öz müstəqilliklərini qazandığlarını ifadə etmişdir. O, 20 Yanvar şəhidlərinin Azərbaycanın azadlığında oynadığı rolun universitetdə qeyd olunmasından məmnuniyyətini çatdıraraq, dost və qardaş xalqların bu kimi tarixi həqiqətlərinin ali məktəb səviyyəsində tədrisinin önəmini vurğulamışdır.

Ortaq mədəni, tarixi və siyasi dəyərləri bölüşən Azərbaycan və Pakistan xalqlarının həm də oxşar taleləri olduğunu bildirən tədbirin ali qonağı Pakistan Senatının daimi komitəsinin sədri, Senatda Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun sədri Talha Mahmud çıxışında 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində Azərbaycanın müstəqilliyinə qovuşduğunu ifadə etmişdir. O, Pakistanın hər zaman müstəqil Azərbaycana qarşı qardaşlıq münasibəti bəslədiyini, erməni təcavüzünü qınadığını, Azərbaycanın ərazi bütövlüyünü bütün platformalarda müdafiə etdiyini qeyd etmişdir. Talha Mahmud Azərbaycana səfərini xatırladaraq, Bakıda Şəhidlər Xiyabanını ziyarət edərkən 20 Yanvar şəhidlərinin və daha sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş digər şəhidlərin xalqın qan yaddaşındakı rolunu daha yaxşı anladığını, eyni zamanda ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın social-iqtisadi, infrastruktur, enerji və digər sahələrdə necə inkişaf etdiyinin şahidi olduğunu diqqətə çatdırmışdır. O, Pakistanın ehtiyac duyduğu enerji sahələrinin tədqiqatı sahəsində Azərbaycanın təcrübəsindən faydalanmağın vacibliyini də əlavə etmişdir.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə "20 Yanvar - Ümumxalq Hüzn Günü"nün şəhidlərinin anma günü ilə yanaşı eyni zamanda Azərbaycan tarixinin qurur səhifəsi olduğunu diqqətə çatdırmışdır.                                                                                                           
1987-ci ildən başlayaraq SSRİ-nin etnik diskriminasiya siyasətinin getdikcə zirvəyə çatdığını qeyd edən səfir bu siyasi xəttin və eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının regionda gərginliyi artırdığını, buna qarşı Azərbaycan xalqının həmin vaxt Azərbaycan rəhbərliyinin istefasını və azərbaycanlılara qarşı ermənilərin qəddarlığına son qoyulmasını tələb etdiyini bildirmişdir. O, sovet ordusunun 1990-cı ildə Bakıya hücum edərək 20 Yanvar faciəsini törətməsinin əsas səbəblərinin kommunist rejimin süqutunu önləmək, Azərbaycanın müstəqilliyini tələb edən insanları əzmək və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını dəstəkləmək olduğunu bildirmişdir. İstintaq Komissiyasının materiallarına əsasən hücumu həyata keçirən orduya çoxlu sayda ehtiyatda olan erməni əsillilərin də cəlb edildiyini bildirən səfir sovet mediasının cinayətin üzərindən sükutla keçərək susqunluq nümayiş etdirdiyini, bir çox siyasətçinin qorxub çəkindiyi bir vaxtda Azərbaycan xalqının ümummli lideri Heydər Əliyevin Moskvada bəyanatla çıxış edərək Bakıda törədilmiş qanlı cinayət barədə dünya ictimaiyyətini məlumalandırdığını vurğulamışdır.                                
1990-cı ilin 20 yanvar tarixinin Azərbaycan tarixinin qürur günü kimi bütün Azərbaycanlıları müstəqil dövlətin vətəndaşları olmaq uğrunda birləşdirdiyini və onların qətiyyətini möhkəmləndirdiyini qeyd edən səfir, nəticədə Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu, bununla yanaşı Azərbaycan xalqına qarşı erməni terrorizminin və ekstremizminin davam etdiyini, Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında olduğunu, Azərbaycan Ordusunun igid əsgərlərinin, mülki vətəndaşların, qadın və uşaqların atəşkəs xəttində erməni təxribatı nəticəsində həyatlarını itirdiyini iştirakçıların nəzərinə çatdırmışdır. Səfir Azərbaycan və Pakistan xalqlarının hər zaman öz şəhidlərinin xatirəsini əziz tutduğunu, onları minnətdarlıqla yad etdiyini qeyd etmişdir.   

Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və digər əyani materiallar da yayılmış, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarxlar da nümayiş etdirilmiş, səfir Əli Əlizadənin anım günü ilə əlaqədar verdiyi müsahibələri də Pakistanın televiziya kanallarında yayımlanmışdır.

növbəti xəbər əvvəlki xəbər