2019-03-27
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın da daxil olduğu Novruz bayramının qeyd edən ölkələrdən 9 ölkənin Pakistandakı səfirliklərinin təşkilatçılığı ilə “Novruz 2019” adlı mərasim İslamabad şəhərinin “Serena” mehmanxanasında keçirilmişdir.

Pakistan prezidenti Arif Alvinin ali qonaq qismində təşrif buyurduğu, Pakistan xarici işlər nazirliyinin məsul əməkdaşlarının, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların, ictimaiyyətin və media mənsublarının qatıldığı tədbirdə təmsil olunan Azərbaycan Respublikasının Pakistandakı səfirliyi ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təcəssüm etdirən nümunələri təqdim etmişdir.  Tədbirdə Azərbaycan həqiqətlərinə dair, Azərbaycanın sosial iqtisadi tərəqqisini, inkişafını özündə əks etdirən müxtəlif əyani materiallar da sərgilənmiş, həmçinin xüsusi mədəni proqram çərçivəsində milli musiqi və rəqslərimiz milli geyimdə olan uşaqlarımız tərəfindən ifa edilərək tamaşıçılara təqdim olunmuşdur.

Pakistan prezidenti və digər qonaqlar Azərbaycan Səfirliyinin və digər ölkələrin səfirliklərinin pavilyonlarını ziyarət etmişlər.

Tədbiri təşkil edən səfirlikləri təbrik edən Pakistanın prezidenti Arif Alvi Novruzun əsrlərdir regionda sülh və həmrəyliyin simvolu kimi xalqları bir araya gətirdiyini, ortaq adət və ənənələr formalaşdırdığını vurğulamış, Novruzun aşıladığı dəyərlərin qorunmasının önəmini ifadə etmiş, əlaqədar ölkələrin səfirlikləri tərəfindən nümayiş etdirilən mahnı və rəqslərin, milli yeməklərin onu valeh etdiyini diqqətə çatdırmışdır.

İştirakçıların Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən sərgilənən milli mətbəx nümunələrindən şəkərbura, paxlava, qoğal, dolma, qutab və digər təamlara, Azərbaycanda istehsal olunmuş məhsullara, həmçinin, Azərbaycanın zəngin tarixini və mədəniyyətini əks etdirən suvenirlərə, Azərbaycanın milli bayramı kimi Novruzun təşəkkülü və qeyd olunmasına dair kitablara, eləcə də Azərbaycanın siyasi və iqtisadi inkişafını və qədim mədəniyyətini təsvir edən nəşrlərə böyük maraq göstərdiyi müşahidə edilmişdir. Novruz bayramının əsas qəhrəmanları olan Keçəl və Kosanın çıxışı, yumurta döyüşdürmə yarışı Azərbaycan Səfirliyinin pavilyonuna xüsusi rəngarənglik qatmış, ifa edilən Azərbaycan rəqsləri alqışlarla qarşılanmışdır.

növbəti xəbər əvvəlki xəbər