2019-04-12
Azərbaycan Pakistandakı səfiri “Azərbaycan Diplomatiyasının 100 illiyi; Azərbaycan-Pakistan əlaqələri” mövzusunda məruzə ilə Pakistan Universitetində çıxış edib.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Hərbi Dəniz Qüvvələrinin nəznində fəaliyyət göstərən Bəhriyə Universitetində “Azərbaycan Diplomatiyasının 100 illiyi; Azərbaycan-Pakistan əlaqələri” mövzusunda məruzə ilə çıxış edib.  

Səfir Azərbaycan Diplomatiyasının tarixi, yaranması, dövlətçiliyin möhkəmlənməsində, inkişafında, beynəlxalq aləmdə tanınmasındakı rolu, Azərbaycanın diplomatik missiyaların məqsəd və fəaliyyəti haqqında tələbələrə geniş məlumat verib. Səfir ADR-in sələfi sayılan müasir Azərbaycan Respublikasının müstəqilliyinin bərpası, ilk illərdə qarşılaşdığı çətinliklər, keçdiyi keçməkeşli yollar haqqında məlumat verərək bu çətinliklərin öhdəsindən gəlməkdə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və inamla irəliyə doğru addımlamasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Tarix boyu Ermənistanın Azərbaycana qarşı daim təcavüzkar siyasət yürütməsi, azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlar, soyqırımlar haqqında məlumat verən Əli Əlizadə müasir dövrdə də Ermənistanın Azərbaycana qarşı  işğalçı siyasətinin davam etdiyini, BMT Təhlükəsizlik Şurasının və digər bütün nüfuzlu beynəlxalq təşkilatların qəbul olunmuş qətnamələrinə, tələblərinə məhəl qoymayan Ermənistanın region üçün bir təhlükəyə çevrildiyini bildirib. Səfir Azərbaycanın sosial-iqtisadi inkişafı, bütün sahələr üzrə əldə etdiyi nailiyyətlərdən bəhs edərək regionda Ermənistan kimi təcavüzkar qonşusunun, onun apardığı işğalçı siyasət nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşının olmasına baxmayaraq Azərbaycanın Ermənistandan fərqli olaraq Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında dinamik inkişaf etdiyini, daxili siyasi-iqtisadi uğurlarla yanaşı xarici siyasət sahəsində də Azərbaycanın uğurlarının artdığını, Azərbaycanın mövqeyinin dünya dövlətləri arasında günü gündən möhkəmləndiyini qeyd etmişdir.

Səfir Azərbaycan diplomatiyasında Pakistan İslam Respublikası ilə əlaqələrin önəmli yerinin olduğunu, Pakistanın Azərbaycanın ilk tanıyan dost və qardaş ölkələr sırasında dayandığını və daim hər iki ölkənin bir birini dəstəklədiyini vurğulayıb. Səfir iki ölkə arasında möhkəm siyasi və hərbi əlaqələr fonunda həyata keçirilən iqtisadi, ticari, elmi, mədəni, turizm, humanitar və sosial layihələrə diqqət çəkərək əməkdaşlıqların daha da artırılmasının önəmini vurğulayıb. Səfir xalqlararası əlaqələrin də inkişafının sevindirici olduğunu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrinin dostluq və qardaşlığın möhkəmlənməsinə öz tövhəsini verdiyini bildirib.

Çıxışdan sonra səfir Əli Əlizadə tələbələri maraqlandıran müxtəlif sualları da cavablandırıb, həmçinin, universitet televiziyasının proqramının qonağı olaraq Azərbaycan-Pakistan əlaqələrinin perspektivlərinə dair fikirlərini tamaşaçılar üçün bölüşüb.

növbəti xəbər əvvəlki xəbər