2020-01-20
Pakistanda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir

"20 Yanvar - Ümumxalq Hüzn Günü"nün 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın Preston Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan anım mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmiş, onların ruhuna Qurandan ayələr oxunmuşdur.

Diplomatların, media mənsublarının, akademik dairələrin, incəsənət və ictimai xadimlərin, eləcə də universitet tələbələrinin iştirak etdiyi tədbirdə Pakistanın Lok Virsa irs muzeyinin direktoru Səcid Munir çıxış edərək 20 Yanvar hadisələrinin qardaş Azərbaycan xalqınıın yaddaşına xüsusi olaraq həkk olunduğunu, Azərbaycanın müstəqilliyinin bərpasına təkan verdiyini vurğulamışdır. Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin Pakistanın Preston Universiteti ilə birgə təşkil etdiyi "20 Yanvar - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi" adlı müsabiqə-sərgi komissiyasının rəhbəri kimi, nümayiş olunan rəsm nümunələrindən də geniş məlumat topladığını qeyd edən S.Munir, müsabiqə-sərgi haqqında, onun nəticələri, qalibləri haqqında məlumat vermiş və təşkil olunmuş rəsm musabiqəsi və sərgiyə görə təşəkkkürlərini çatdırmışdır.

Anım mərasimində çıxış edən Preston Universitetinin rektoru Dr. Abdul Basit 30-cu ildönümü qeyd olunan 20 Yanvar hadisələrinin Azərbaycan tarixində xüsusi önəminin olduğunu, Sovet rəhbərliyinin qeyri-huquqi qərarı ilə günahsız insanların, qadın və uşaqların qətlə yetirilməsi ilə səciyyələnən bu qanlı tarixin şanlı Azərbaycan dövlətinin müstəqilliyinin bərpasına gətirib çıxardığını bildirmişdir. Dr. Abdul Basit 20 Yanvar faciəsinin ağırlığını təsvir edərək bir çox sosialist ölkələrinin SSRİ-dən müstəqillik tələb etməyə cəsarət etmədiyi bir vaxtda, Azərbaycanın bu addımı ata bildiyini diqqətə çatdırmış və bu tarixi hadisənin ildönümünün, eləcə də Azərbaycan şəhidlərinin  xatirəsinin Pakistanda Azərbaycan Səfirliyi ilə birgə müxtəlif formatlarda daim qeyd olunmasının məmnunluq yaratdığını vurğulamışdır.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsinin əhəmiyyətli mərhələsi olduğunu, hətta erməniləşmiş sovet ordusunun xalqımızın azadlıq ideyalarını qıra bilmədiyini söyləmiş, həqiqətən 20 Yanvar gününün tarixdə qanlı, eyni zamanda şanlı bir gün olaraq qaldığını bildirmişdir. Əli Əlizadə müstəqilliyin əldə edilməsində liderlərin rolunun danılmaz olduğunu bildirərək, Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrindən dərhal sonra verdiyi bəyanat nəticəsində Azərbaycan xalqının özünün yalnız olmadığını hiss etməsi ilə ölkəmizdə müstəqillik hərəkatının yeni vüsət aldığını və genişləndiyini,  hərəkatın sonda Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsi ilə nəticələndiyini qeyd etmişdir.

Səfir müstəqilliyini yenidən bərpa etdikdən sonra Pakistanın Azərbaycanı ilk tanıyan ölkələrdən biri olduğunu vurğulamış və təcavüzkar Ermənistanı bir dövlət kimi bugünədək tanımadığına görə, Pakistan dövlətinə və xalqına təşəkkür etmişdir. O, Azərbaycan və Pakistan xalqlarının hər zaman öz şəhidlərinin xatirəsini əziz tutduğunu, onları minnətdarlıq və daim həmrəyliklə yad etdiyini və hazırkı anım mərasiminin də bunun bir bariz nümunəsi olduğunu vurğulamışdır. Əli Əlizadə həmçinin, 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı Preston Universitetində müxtəlif universitətlərin tələbələrinin və həvəskar rəssamların iştirakı ilə rəsm müsabiqəsi və sərgisinin də keçirildiyini qeyd edərək, sərginin təşkil olunmasındakı əməkdaşlığa görə təşəkkürlərini və qaliblərə təbriklərini çatdırmışdır.

Sonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərinə və sərgi iştirakçılarına pul mükafatları, sertifikatlar və hədiyyələr təqdim olunmuşdur. Həmçinin, Preston Universitetinin tələbələri tərəfindən müxtəlif səhnəciklər nümayiş etdirilmişdir.  

Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və digər əyani materiallar da yayılmış, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Tədbirdən görüntülər və səfir Əli Əlizadənin müsahibələri Pakstan televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.   

əvvəlki xəbər