2020-02-28
Pakistanda keçirilən Seminarda Xocalı Soyqırımının ermənilərin “Böyük Ermənistan” qurmaq xəyallarının və etnik təmizləmə siyasətinin davamı olaraq həyata keçirldiyi bildirilmişdir.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın Müasir Dillər üzrə Milli Universitetinin (NUML) birgə təşkil etdiyi, Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş seminar İslamabad şəhərində keçirilmişdir.   

Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyidin ali qonaq kimi təşrif buyurduğu “Birlikdə Sülh və İnsanlıq naminə. Etnik təmizləmə və Soyqırımlarına son” adlı seminarda Müasir Dillər üzrə Milli Universitetin baş direktoru, ehtiyatda olan briqada generalı Muhəmməd İbrahim, Pakistanın nəzarətində olan Cəmmu və Kəşmirin sabiq prezidenti - ehtiyatda olan general-mayor Sərdar Muhəmməd Ənvər Xan, bir sıra ölkələrin səfirləri, yüksək rütbəli diplomatları, gənclər və universitet tələbələri, tədqiqatçılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən və Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış sənədli filmin nümayişindən sonra Müasir Dillər üzrə Milli Universitetin baş direktoru Muhəmməd İbrahim seminarı giriş sözü ilə açaraq, qonaqları salamlamış, təşkil edilmiş seminarın Xocalı soyqırımının anılması və dünya ictimaiyyətinə tanıtdırılması istiqamətində Pakistanın Azərbaycana verdiyi dəstəyin göstəricisi olduğunu söyləmiş, etnik təmizləmələrə və soyqırımlarının baş verməsinə qarşı birlikdə mübarizə aparmağın əhəmiyyətini vurğulamışdır.  

Seminarda iştirak edən iştirakçıların çoxluğundan heyrətləndiyini bildirən və xüsusən tələbələri Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi işlər yazmağa təşviq edən Bosniya və Herseqovinanın Pakistandakı səfiri Sakib Foriç, həm milli, həm dünya tarixini öyrənməyin əhəmiyyətini qeyd etmiş, 1992-ci ildə Xocalı soyqırımı ilə bağlı xəbərlərdən eşitdiyini, lakin seminardan öncə bu mövzuda apardığı araşdırma nəticəsində onda ciddi təəssüratlar oyandığını çıxışında vurğulamışdır. O, Bosniya və Herseqovinanın olduğu kimi, Azərbaycanın da tarixən böyük dövlətlərin və müxtəlif ideologiyaların kəsişmə nöqtəsində yerləşdiyini, bu səbəbdən də çətin dövrlərdən keçdiyini bildirmiş, ermənilərin “Böyük Ermənistan” qurmaq xəyallarını gerçəkləşdirmək üçün iddia etdiyi ərazilərdə yaşayan əhaliyə qarşı etnik təmizləmə və soyqırımı siyasəti apardığını söyləmişdir. S.Foriç Srebrenitsada boşnaklara qarşı törədilmiş soyqırımına da toxunaraq, Bosniya və Herseqovina parlamentinin Xocalı soyqırımını tanıdığını vurğulamış, Azərbaycanın beynəlxalq arenada ədalət uğrunda mübarizəsini davam etdirməli olduğunu və bu cür seminarların təşkilinin bu istiqamətdə faydalı olacağını diqqətə çatdırmışdır. Çıxışının sonunda Bosniya səfirinin təşəbbüsü ilə Xocalı qurbanları üçün dualar oxunmuşdur.   

Pakistanın nəzarətində olan Cəmmu və Kəşmirin sabiq prezidenti Sərdar Muhəmməd Ənvər Xan da seminarda çıxış edərək, münaqişələrlə bağlı fikirlərini bölüşmüş, Kəşmir məsələsində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür etmiş, məsələnin tarixi aspektlərinə nəzər salmışdır.

Seminar iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə seminarın keçirilməsi məqsədi barədə məlumat vermiş, Ümummilli lider Heydər ƏIiyevin Xocalı ilə bağlı söylədiyi fikirlərini sitat gətirərək “Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarix boyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırım və etnik təmizləmə siyasətinin davamıdır” deyə bildirmiş, özünün İranda diplomat olaraq xidmət etdiyi zaman, 1918-20-ci illərdə ermənilərin Azərbaycan, İran və Türkiyə ərazilərində  törətdiyi qətliam və soyqırımlarının həttda orada, yaşlı insanlar tərəfindən yaxşı xatırlanıldığını vurğulamışdır. O,1992-ci ilin 26 fevral tarixinə keçən gecədə bütöv bir şəhərin yer üzündən silindiyini, işğal olunmuş Azərbaycan ərazilərində tarix-dini abidələrin, məscidlərin dağıdıldığını söyləmişdir. Ə.Əlizadə Xocalı soyqırımı ilə tarixdə baş vermis digər soyqırımların bənzərliyini və müqayisəsini aparmış, 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsində, 2017-ci ildə isə Milli Assambleyanın Xarici İşlər Komitəsində Xocalı Soyqırımının tanınması və Ermənistanın Azərbaycan torpaqlarını işğalının sərt şəkildə qınanması ilə bağlı qəbul edilmiş qətnamələri xatırladaraq Pakistan xalqı və dövlətinə təşəkkür etmişdir. Səfir Əli Əlizadə həm Dağlıq Qarabağda, həm də Kəşmirdə tezliklə sülhün bərqərar olacağına ümid etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğunu vurğulamışdır.

Tədbirin ali qonağı, Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid bu il Xocalı soyqırımının 28-ci ildönümünün qeyd olunduğunu, Dağlıq Qarabağın hələ də Ermənistanın işğalı altında saxlanıldığını və müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl olunmadığını bildirmiş, münaqişələrə eyni prinsiplərdən yanaşmanın zəruriliyini vurğulayaraq, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması gərəkdiyini diqqətə çatdırmışdır. O, Pakistanın Ermənistanı dövlət kimi tanımayaraq, Azərbaycana tam dəstək verdiyini qeyd etmiş, bu dəstəyin davam edəcəyini bildirmiş, Azərbaycana da Kəşmir məsələsində göstərdiyi dəstəyə görə təşəkkürlərini çatdırmışdır.

Tədbirdə həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən foto-stendlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar seminarın təşkil olunduğu zalın foyesində sərgilənmişdir. İştirakçılar tərəfindən maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər