2011-12-17
İslamabad indiyədək Ermənistanı dövlət kimi tanımayıb

Daşqın Şikarov: “Pakistanda azərbaycanlı əsirlərin olması barədə sorğularımız təsdiqlənməyib”

Mətbuat vasitəsilə vaxtaşırı Pakistanda güclü partlayışların törədilməsi barədə məlumatlar eşidirik. Təbii ki, bu ölkə Azərbaycanla qardaş münasibətlərə malik olduğundan, orada baş verən belə hallar ürəyimizi ağrıdır. Digər yandan isə Pakistandakı azərbaycanlıların da həmin olaylar nəticəsində təsadüfən zərər çəkə biləcəyini nəzərə alsaq, terror aktları bizi daha çox maraqlandırır. Bundan əlavə, bir zamanlar Əfqanıstanda əsir götürülmüş və hətta, bəzi hallarda Pakistana aparılmış azərbaycanlı hərbçilərin taleyi, ölkəmizə pənah gətirmiş əfqan və pakistanlı mühacirlərin vəziyyəti də həmişə ictimaiyyətin diqqətindədir.
Ona görə də bütün bunlara Azərbaycanın Pakistandakı müvəqqəti işlər vəkili Daşqın Şikarovla müsahibədə aydınlıq gətirmək istədik. Oxucularımızın nəzərinə çatdıraq ki, Pakistandakı səfirliyimiz eyni zamanda Əfqanıstanda da akkreditasiya olunduğu üçün, D.Şikarovdan bu ölkəyə dair suallarımıza da savab almağa çalışdıq. Müvəqqəti işlər vəkili bizimlə müsahibəyə Pakistan hökumətinin bütövlüklə istefaya göndərilməsinə aydınlıq gətirməklə başladı.
– Məlumat üçün bildirim ki, Pakistan hökuməti istefaya özü getməyib, baş nazir tərəfindən göndərilib. Pakistan qanunvericiliyinə uyğun olaraq, baş nazir 3 il müddətini doldurmuş nazirlər kabinetini istefaya göndərib, yeni hökumət formalaşdıra bilər. Onu da qeyd etmək istəyirəm ki, köhnə hökumət fəaliyyətə 2008-ci il mart ayının 31-də başlamışdı. Son olaraq fevralın 9-da keçirlmiş federal kabinetin növbəti iclasında baş nazirə yeni hökuməti yaratmaq üçün icazə verilib. Baş nazir də məhz həmin icazə əsasında səlahiyyətlərindən istifadə edib. Ölkə konstitusiyasına əsasən, nazirlər, federal nazirlər, xüsusi müşavirlər və 67 müşavirdən ibarət keçmiş kabinetin sayının 40 nəfərə qədər azaldılması nəzərdə tutulub.

– Necə bilirsiniz, hökumət dəyişikliyinin İslamabadın Azərbaycanla münasibətlərinə hansısa formada təsiri ola bilərmi?

– Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə, məhz Pakistandır. Elə o vaxtdan da ölkəmizlə Pakistan arasında ənənəvi dostluq münasibətləri formalaşdırılıb. Bu gün dövlətlərimiz arasında əməkdaşlıq ikitərəfli, beynəlxalq və regional maraqlar əsasında inkişaf etməkdədir. Bu əlaqələrin banisi isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ökələrimiz ikitərəfli müstəvidə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir, bir-birlərinin mövqelərini qoruyurlar. Adicə götürək, Dağlıq Qarabağ münaqişəsin həlli məsələsində bu ölkənin tutduğu mövqeyi: Pakistan problemin aradan qaldırılması işində birmənalı şəkildə rəsmi Bakının mövqeyini dəstəkləyir. Əlbəttə, Azərbaycan da İslamabadın bu səmimiyyəti qarşısında cavabsız qalmayıb – Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edir. Pakistan hökuməti bu günədək Azərbaycan ərazilərini işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımayıb. Ölkələrimizin xarici işlər nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Pakistanla Azərbaycan iqtisadi – ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə Hökumətlərarası Birgə İqtisadi Komissiya yaradıb və bu qurum müvəffəqiyyətlə fəaliyyət göstərir. Ona görə də tam əminliklə deyə bilərəm ki, Pakistanda hökumət dəyişikliyi iki ölkə arasında mövcud olan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin daha yüksək mərhələyə qaldırılmasına, əlaqələrin daha da intensivləşdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə töhfəsini verəcək.

– Son vaxtlar Pakistanda terror hadisələrinin sayı xeyli artıb. Bizim üçün maraqlıdır: həmin xoşagəlməz olaylarda hər hansı Azərbaycan vətəndaşı xəsarət alıbmı?

– Pakistanda hər hansı terror hadisəsi baş verdikdə səfirlik dərhal Pakistan Xarici İşlər Nazirliyi və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq, məlumat əldə edir. Düzdür, son zamanlar ölkənin hər tərəfində terror aktlarının sayı artıb, ancaq xoşbəxtlikdən bu günə kimi həmin olaylarda heç bir Azərbaycan vətəndaşı xəsarət almayıb.

– SSRİ dönəmində Əfqanıstanda çox sayda azərbaycanlı əsgər əsir götürülmüşdü. Əlinizdə məlumat varsa, mümkünsə deyin: hazırda məhz həmin müharibə əsirlərindən Pakistanda, eləcə də Əfqanıstanda qalanlar varmı?

– Sovet ordusunun Əfqanıstana müdaxiləsi zamanı əsir götürülmüş həmvətənlərimizlə bağlı mütəmadi olaraq, Pakistanın və Əfqanıstanın aidiyyatı orqanları ilə əlaqə saxlayırıq. Biz onlara xeyli sayda rəsmi sorğular göndərmişik, ancaq bu günədək hansısa bir Azərbaycan vətəndaşının bu ölkələrdə olmasına dair məlumat təsdiqlənməyib.

– Bilirik ki, siz Azərbaycanı həm də Əfqanıstanda təmsil edirsiniz. Sabitliyin xeyli gərgin olduğu bu ölkədə hazırda Azərbaycan sülhməramlıları da var. Onlarla görüşürsünüzmü, əsgərlərimizin hər hansı şəxsi və ya digər formada problemi olurmu, əgər olusa onlara yardım göstərə bilirsinizmi?

– Doğrudur, 2002-ci il noyabrın 15-də Milli Məclis Azərbaycan Silahlı Qüvvələri tağımının NATO strukturlarının ümumi komandanlığı altında olması şərti ilə Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində Əfqanıstanda yerləşdirilməsinə icazə verib. Bununla da həmin taborun müvafiq sülhməramlı əməliyyatlarda iştirak etməsinə razılıq verilib. Məhz həmin vaxtdan Azərbaycan tağımı Əfqanıstanda xidmət etməkdədir. Hazırda 90 nəfərlik Azərbaycan bölüyü Kabildə xidməti vəzifəsini yerinə yetirir. Səfirlik olaraq, Əfqanıstana səfər etdikdə daim onlarla əlaqə saxlayırıq. Hər dəfə də görüşdə əsgərlərimizin problemləri ilə maraqlanırıq, əgər hər hansı çətinlikləri varsa, əlbəttə ki, aradan qaldırmaq üçün əlimizdən gələni edirik.

– Biz jurnalist olaraq, bəzən Azərbaycana pənah gətirmiş əfqan mühacirlərlə görüşüb, vəziyyətləri İə maraqlanırıq. Söhbətlərindən bu qənaətə gəldik ki, son vaxtlar Azərbaycana gələn əfqan mühacirlərin sayı kəskin artir. Bununla yanaşı, onlar Bakıda sənədlərini qaydaya sala bilmədikləri üçün problem yaşayırlar. Səfirlik olaraq bu məsələləri nə vaxtsa Kabildə müzakirə etmisinizmi? Ümumiyyətlə, bu cür insanlara sənədlərini düzəltmək məsələsində yardım göstərməyiniz mümkündürmü?

– Qeyd etdiyiniz kimi, Azərbaycanın İslamabaddakı səfirliyi həm də Əfqanıstanda akkreditasiya olunub. Bildiyiniz kimi, Pakistan coğrafi mövqeyinə görə Əfqanıstanla həmsərhəd olsa da, paytaxt İslamabad şəhəri bu ölkənin sərhədlərindən xeyli uzaqda yerləşir. Məhz bu coğrafi amil Əfqanıstan vətəndaşlarının səfirliyimizə viza və ya başqa məqsədlə müraciət etməsinə böyük maneə törədir. Ölkəmizə gələn əfqan mühacirlərin sayının artması ilə bağlı isə, sadəcə, onu qeyd etmək istəyirəm ki, son 1 il ərzində səfirliyin konsulluq bölməsi tərəfindən cəmi 27 Əfqanıstan vətəndaşına viza rəsmiləşdirilib. Ümumilikdə isə, səfirlik olaraq çalışırıq ki, ölkəmizdə çətinliklə üzləşən Pakistan və ya Əfqanıstan vətəndaşlarının problemlərinin həllinə yardımçı olaq.

– Aldığımız məlumata görə, mart ayında Kabildən Bakıya yüksək vəzifəli dövlət məmurlarından ibarət rəsmi nümayəndə heyəti gələcək. Sizdə nümayəndə heyətində konkret kimlərin təmsil olunacağına və onların Bakıda hansı sazişləri imzalayacaqlarına dair məlumat varmı? Hətta bildiyimizə görə, onlar Əfqanıstanın Bakıda, Azərbaycanın isə Kabildə səfirliyinin açılması məsələsini müzakirə edəcəklər. Necə bilirsiniz, bu ilin sonunadək Kabildə və Bakıda səfirliklərin açılması mümkündürmü?

– Bildiyiniz kimi, Azərbaycanın Pakistandakı səfirliyi Əfqanıstana, Əfqanıstanın Tehrandakı səfirliyi isə ölkəmizə akkreditasiya olunub. İki ölkə arasında qarşılıqlı olaraq səfirliklərin açılması məsələsinə gəldikdə isə, bəli, bu hazırda tərəflər arasında müzakirə obyektidir. Danışıqlar prosesi davam etdirilir və ümidvaram ki, yaxın zamanlarda bununla bağlı müsbət qərar veriləcək.

növbəti xəbər əvvəlki xəbər
bakushop