2011-12-15
Azərbaycanlılar Pakistanda özlərini vətəndəki kimi hiss edirlər
Pakistanın nüfuzlu ingilisdilli qəzetlərdən olan “Daily Times”in İslamabad ofisinin rəhbəri, tanınmış yazar Səid Minhas Azərbaycan Respublikasının Pakistandakı müvəqqəti işlər vəkili Daşqın Şikarovdan müsahibə alıb. Müsahibəni oxuculara təqdim edirik.
“Azərbaycan bütün beynəlxalq platformlarda Pakistanın Kəşmir məsələsinə dair mövqeyini dəstəkləyəcək. Və Azərbaycan ümid edir ki, BMT Pakistanla qonşusu arasında mövcud olan bu uzunmüddətli problemi öz mandatına uyğun şəkildə həll edəcək” – Bu fikirləri Azərbaycan Respublikasının Pakistandakı müvəqqəti işlər vəkili Daşqın Şikarov “Daily Times”a müsahibəsində bildirib. “Daily Times”a müsahibəsində azərbaycanlı diplomat Pakistanla Azərbaycan arasında münasibətlərdən tutmuş, ölkəsinin Ermənistan işğalı ilə bağlı narahatlıqları, Əfqanıstanda inkişaf, nüvədən istifadə imkanları, Rusiyanın yeni dünya nizamındakı rolu, regional və beynəlxalq enerji tələbatlarına nəzərən ölkəsinin nəhəng enerji potensialı ilə əlaqədar mövzularda fikirlərini ifadə edib.
– Pakistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə görürsünüz və istiqamət haraya doğrudur?
– Azərbaycan və Pakistan bir-birini qardaş ölkə kimi qəbul edir. Pakistan 1991-ci ildə Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan 2-ci ölkə olub. Biz Pakistanın həmişə Azərbaycanın ərazi bütövlüyünə xüsusi əhəmiyyət verməsini, Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsinə və beynəlxalq cinayətkarlıq fəaliyyətlərinə görə Ermənistanı tanımaqdan imtina etməsini çox yüksək qiymətləndiririk. Azərbaycan həmçinin, Kəşmir məsələsində Pakistanın mövqeyini tamamilə dəstəkləyir və Pakistanın ədalətli mövqeyini təsdiq edən BMT qətnamələrinin tərəfindədir.
Pakistan prezidentinin 1995-ci ildə Azərbaycana ilk səfəri və 1996-cı ildə Azərbaycan prezidenti Heydər Əliyevin Pakistana səfərindən başlayaraq, hər iki ölkə siyasi və iqtisadi sahədə xeyli məsafə qət edib.
Azərbaycanlılar Pakistan xalqının böyük oğlu Məhəmməd İqbalın inqilabi yaradıcılığını və ədəbi fəaliyyətini yaxşı bilirlər. Biz vətəndən uzaqda olsaq da, mədəni, sosial və dini yaxınlıq səbəbindən Pakistanı ikinci vətənimiz bilirik. Həmçinin, Azərbaycanda yaşayan, təhsil alan və işləyən çoxlu pakistanlı var. Hər iki qardaş xalq arasında mühüm sayda nikahlar var və bunların sayı getdikcə artmaqdadır.
Pakistanlı qardaşların ağrı-acısını dərindən hiss edən Azərbaycan 2005-ci il zəlzələsi zamanı 1,5 milyon dollar, 2010-cu il sel fəlakəti zamanı isə 2 milyon dollar yardım etməklə öz köməyini əsirgəmədi. Biz pakistanlı qardaşlarımızın yardıma ən çox ehtiyac duyduqları anlarda həkim və xilasedici heyət göndərməklə yanaşı, hər iki fəlakət zamanında onlara humanitar yardımlar çatdırmışıq. 2005-ci il zəlzələsindən sonra, Kəşmirin Müzəffərabad şəhərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Rara qızlar məktəbi tikilib. Bu məktəb Heydər Əliyev Fondunun xaricdə tikdiyi ilk təhsil müəssisəsidir ki, Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq münasibətlərini simvolizə edir. Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları 5 min dollar həcmində 5 günlük əməkhaqlarını Pakistan Baş nazirinin Zərərçəkənlərə Yardım Fonduna keçirmişlər.
Əlbəttə, biz düşünürük ki, ölkələr arasında siyasi, iqtisadi və mədəni münasibətlərin daha da inkişaf etdirilməsi üçün bütün gücümüzlə çalışmalıyıq. İnşallah, bizim qarşılıqlı təşəbbüslərimizlə Azərbaycan-Pakistan münasibətləri daha da genişlənəcək və möhkəmlənəcək.
– Azərbaycan qonşu Əfqanıstanda hadisələrin inkişafını necə qiymətləndirir?
– Azərbaycan Əfqanıstanda sülh, sabitlik və tərəqqinin tərəfdarıdır. Həm Azərbaycan, həm də Əfqanıstan BMT, İslam Konfransı Təşkilatı (İKT) və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan prezidenti cənab İlham Əliyev həmişə bəyan edib ki, Azərbaycan Əfqanıstanda infrastrukturun bərpası prosesinə öz töhfəsini verməyə hazırdır. Azərbaycan hökuməti Əfqanıstan tərəfinə inşaata ehtiyac duyulan obyektlərin siyahısını hazırlamaq barədə müraciət edib. Ölkəmiz həmçinin, Əfqanıstan məmurlarının Bakıdakı təlim kurslarında iştirakını təmin edir.
Bunu da əlavə etmək lazımdır ki, Əfqanıstanda baş verən hadisələr Azərbaycanın daxili vəziyyətinə və ticarət siyasətinə mənfi təsir göstərmir. Öz sabitliyini qorumaq iqtidarında olan Azərbaycan müxtəlif xalqların və inancların sülh şəraitində birgə yaşamasını təmin edən qədim və zəngin mədəniyyətə malikdir. İnsan təbiətinə xas olan bütün etiqadlar özlərini rahat şəkildə ifadə edə bilirlər və ölkəmizdə radikalizmə şərait yoxdur. Azərbaycan hökuməti bu mühiti öz təminatı altına alıb.
– Sizcə, Əfqanıstanda Amerikanın var olduğu bir şəraitdə Rusiya Əfqanıstanda hansı rolu oynamalıdır?
– Məncə, bütün ölkələr Əfqanıstanda sabitlik, sülh və rifahın əldə olunması üçün bütün səylərini göstərməli və bu məqsədin reallaşmasına tam dəstək verməlidirlər.
Azərbaycan öz enerji resurlarının şaxələnməsinin və artan imkanlarına görə regional və qonşu ölkələrə neft və qaz məhsullarının ixracının araşdırılmasının tərəfdarıdır. Azərbaycan hökuməti neft və qaz ixracı layihələrinin reallaşması və boru kəmərlərinin şaxələnməsi imkanlarını müzakirə edir. Burada digər ölkələr ilə birlikdə uzunmüddətli enerji layihələrinin həyata keçirilməsində nəzərə alınmalı olan bir sıra iqtisadi, coğrafi və təhlükəsizlik amilləri var.
– SSRİ dağıldıqdan sonra malik olduğunuz nüvə imkanları barədə nə deyə bilərsiniz? Bu imkanlar nə qədər etibarlıdır?
– Azərbaycanın indiyədək nüvə obyektləri olmayıb. Lakin ölkəmiz nüvədən sülh məqsədləri üçün istifadə hüququnu tanıyır. Ümumiyyətlə, biz külək enerjisindən istifadə etməyə üstünlük veririk, çünki Bakı və digər dənizkənarı yerlər küləkli iqlimə malikdir. Amma bu o demək deyil ki, biz gələcəkdə o enerji növlərindən faydalanmaq imkanlarını araşdırmayacağıq
növbəti xəbər əvvəlki xəbər