2020-11-19

İslamabadda “Dağlıq Qarabağ münaqişəsi – Hərbi və Siyasi Həll” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi, bu ölkənin Misak (Measac) Araşdırma Mərkəzi ilə birgə Ermənistanın Azərbaycana qarşı son təcavüzü və hərbi cinayətlərini, Azərbaycanın özünümüdafiə və uğurlu sülhə məcburetmə əməliyyatı və qələbəsini Pakistan ictimaiyyətinə çatdırmaq məqsədilə “Dağlıq Qarabağ münaqişəsi – Hərbi və Siyasi Həll” mövzusunda seminar təşkil edib.

Pakistan Senatında Pakistan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri (koordinatoru) senator Məhəmməd Talha Mahmudun, bir sıra dövlət rəsmilərinin, Misak (Measac) Araşdırma Mərkəzinin baş direktoru Məhəmməd Abdullah Həmid Gülün, Pakistandakı xarici ölkə səfirləri və diplomatların, Pakistanın ictimaiyyəti və KİV nümayəndələrinin iştirak etdiyi seminar ilk öncə vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Pakistan ictimaiyyəti üçün böyük maraq və rəğbətə səbəb olmuş Azərbaycan Respublikası Prezidentinin münaqişə ilə bağlı beynəlxalq KİV-lərə verdiyi müsahibələrindən bəzi hissələrin nümayişindən sonra çıxış edən ehtiyyatda olan hərbçi Əbdul Rəhman Bilal Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüz və təxribatları, Azərbaycanın zəfəri ilə nəticələnən uğurlu hərbi əməliyyatları haqqında toplanmış faktlar əsasında təqdimat keçirərək Azərbaycanın təcrübəsindən gələcəkdə bir çox ölkələrin istifadə edəcəyini bildirib.

Tədbirdə çıxış edən səfir Əli Əlizadə Qarabağın tarixi haqqında, ermənilərin bu ərazilərə köçürülməsi və son iki əsr ərzində törətdikləri qətliamlar, 30 ilə yaxın bir dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə göstərilən səylərin nəticə verməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi, dünya birliyinin və beynəlxalq təşkilatların, xüsusən Minsk Qrupu ölkələrinin işğalçı Ermənistana lazımi təzyiqlər göstərməməsi haqqında məlumat verib. Səfir 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Baş nazir Nikol Paşinyanın aqressiv siyasəti və yersiz açıqlamaları ilə başlamış Ermənistanın ölkəmizə qarşı hərbi təcavüz və təxribatlarının, Azərbaycana və xüsusən ölkəmizin mülki əhalisinə qarşı hücümlarının Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sülhə məcburetmə əməliyyatı həyata keçirməyə vadar etdiyini və 27 sentyabr tarixindən erməni təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə aparılan uğurlu əməliyyat nəticəsində Ermənistanın kapitulasiya etdiyini bildirib. Səfir Əli Əlizadə müharibə dövründə Ermənistanın həmçinin üçüncü ölkələri münaqişəyə cəlb etmək, münaqişəyə dini qarşıdurma donu geyindirmək kimi təxribatlara da əl atdığını, eləcə də Ermənistanın ölkəmizin Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məskənlərini, bu şəhərlərin mülki əhalisini böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutmaqla, eləcə də terrorçu və muzdlu döyüşçülərdən istifadə etməklə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyasının öhdəliklərinə zidd olan müharibə cinayətləri törətdiyini və Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıdığını bildirib. Səfir, Azərbaycanın sadəcə müharibədə deyil eyni zamanda Ermənistanı sülhə məcbur etməklə bötüvlükdə münaqişədə qalib gəldiyini vurğulayıb və bu çətin günlərdə daim Azərbaycanın yanında dayanaraq göstərdiyi siyasi və mənəvi dəstəyə, prinsipial mövqeyə görə Pakistan hökümətinə və xalqına dərin təşəkkürlərini çatdırıb.

Seminarda çıxış edən Pakistan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri senator Məhəmməd Talha Mahmud və Misak Araşdırma Mərkəzinin baş direktoru Məhəmməd Abdullah Həmid Gül də Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüz və təxribatlarının, Azərbaycanın mülki əhalisinə qarşı amansız hücümlarının qarşısının Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınmasının, işğal olunmuş torpaqların azad edilməsinin Azərbaycanın haqq işi olduğunu və beynəxalq hüquqa tam əsaslandığını qeyd ediblər. Ermənistanın ölkəmizə qarşı təcavüz və hücumlarının Pakistan tərəfindən daim pisləndiyini, Azərbaycanın haqlı mövqeyində dəstək ifadə edən qətnamənin Pakistan Parlamentində yekdilliklə qəbul edildiyini bildirən çıxışçılar Pakistan xalqının Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etməsi sevincini Azərbaycan xalqı ilə bölüşdüyünü vurğulayaraq qələbə münasibətilə təbrik ediblər.

Arxiv üzrə axtarış