2021-11-02

Pakistanda Vətən Müharibəsinin ildönümünə həsr olunan mətbuat konfransı keçirilib

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi bu ölkənin KİV nümayəndələri üçün Vətən Müharibəsinin ildönümünə həsr olunan mətbuat konfransı keçirib.

Mətbuat konfransından öncə, KİV nümayəndələri səfirliyin inzibati binası qarşısında Vətən Müharibəsi şəhidlərinin şərəfinə yaradılmış guşəni ziyarət edib.

Press konfransa başlamazdan öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Vətən Müharibəsini özündə əks etdirən videoçarxın nümayişindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov mətbuat konfransında çıxış edərək ilk öncə Pakistanın KİV nümayəndələrini salamlayıb və Azərbaycanın 44 günlük Vətən Müharibəsindən söhbət açıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın qanunsuz olaraq işğal altında saxladığını bildirən səfir, bu illər ərzində Ermənistanın həmişə atəşkəsi pozduğunu və Azərbaycana qarşı təxribatlar törətdiyini diqqətə çatdırıb.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti təxribatdan söz açan Xəzər Fərhadov, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə cavab tədbirlərinə başladığını vurğulayıb.

Səfir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ölkəmizin Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini, eləcə də Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini diqqətə çatdırıb.

Xəzər Fərhadov, Azərbaycanın ərazilərinin işğalına son qoymasının bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardığını bildirərək bunlara kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, o cümlədən məscid və müqəddəs yerlərin təhqir olunması, təbii ehtiyatların talan, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntularının daxil olduğunu deyib. X.Fərhadov Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini nümunə kimi qeyd edərək, hazırda Azərbaycan hökumətinin azad olunmuş ərazilərdə geniş şəkildə bərpa və yenidənqurma işlərini həyata keçirdiyini, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşü üçün ardıcıl addımlar atdığını və bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyünü iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il 8 Noyabr tarixinin ölkəmizdə Zəfər Günü kimi qeyd olunduğunu bildirən səfir, Vətən müharibəsinin Azərbaycanın tarixində əbədi qalacağını ifadə edib.

Mətbuat konfransında KİV nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Arxiv üzrə axtarış