2021-11-23

Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanları müzakirə edilib.

İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov ilə Palatanın prezidenti Muhammad Shakeel Munir və idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir.

ICCI-nin prezidenti Muhammad Shakeel Munir ilk öncə ziyarətə görə səfir Xəzər Fərhadova təşəkkürünü ifadə edərək, Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən məmnunluğunu bildirmişdir. ICCI-nin strukturu və fəaliyyəti haqqında məlumat verən prezident, Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin daha da artırılmasında ICCI-nin gələcək fəaliyyətindən danışmışdır.

 İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasından söhbət açan səfir Xəzər Fərhadov iqtisadi-ticari əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bu xususda son aylar ərzində görülmüş işləri diqqətə çatdırmışdır. X.Fərhadov Azərbaycan – Pakistan arasında idxal-ixrac məhsullarının potensialından da söz açaraq bu istiqamətdə iş adamlarının aktiv rolunun əhəmiyyətini vurğulamış və Azərbaycan-Pakistan Birgə Komissiyası çərçivəsində, həm də iki ölkənin biznes dairələri arasında birbaşa müzakirələr nəticəsində konkret layihələrin müəyyənləşdirilərək əməli addımlar atılmasının vacibliyini qeyd etmişdir.

Həmçinin görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından SOCAR-ın indiyə qədər Pakistana həyata keçirdiyi LNG tədarükünün  əhəmiyyəti qeyd olunaraq bunun gələcəkdə davam etdirilməsinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Arxiv üzrə axtarış