2015-06-26

“Pakistan in the World” qəzeti: Azərbaycanın Avropa Oyunları kimi möhtəşəm tədbirlərin təşkilində böyük təcrübəsi var

Pakistanın nüfuzlu “Pakistan in the World” qəzetində müəllif Tazeen Akthar tərəfindən Azərbaycanda keçirilən Bakı-2015 ilk Avropa Oyunları haqqında geniş məqalə dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə ölkəmizdə keçirilən bu möhtəşəm tədbirdə 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirak etdiyi bu tədbirin nəinki Avropada, o cümlədən bütün dünyada geniş əks-səda yaratdığı qeyd olunub.

Məqalə müəllifi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsində ölkə Prezidenti İlham Əliyevin və onun xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu, onların səyləri nəticəsində qısa bir vaxt ərzində böyük və müasir idman komplekslərinin və müxtəlif idman arenalarının yaradıldığını vurğulayıb. Ölkəmizə gələn hər bir qonaq Azərbaycanda bütün sahələri əhatə edən inkişafı və tərəqqini görərək bunu yüksək qiymətləndirib.

Məqalədə, həmçinin qeyd edilib ki, paytaxt Bakıda Oyunların yüksək səviyyədə təşkili üçün bir sıra yeni arenalar tikilib: bunlar Milli Gimnastika Arenası, Velopark, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionudur. Daha sonra bildirilir ki, nəinki paytaxt Bakıda, eyni zamanda, ölkənin digər regionlarında da Oyunlarla bağlı müasir infrastrukturlar yaradılıb, ölkəyə gələn bütün idmançılar üçün paytaxtın Nizamı rayonunda böyük Atletlər kəndi salınıb.

Məqalə müəllifi artıq ölkəmizin belə möhtəşəm tədbirlərin təşkilində və uğurla keçirilməsində böyük təcrübəsinin olduğunu və gələcəkdə də bu cür tədbirlərin müvəffəqiyyətlə keçiriləcəyini vurğulayıb.

Məqalənin tam mətni: http://www.pakistanintheworld.com/content/baku-2015-first-european-games-big-success-leadership-and-nation-azerbaijan

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Arxiv üzrə axtarış