2015-05-07

Pakistanın nüfuzlu “National Herald Tribune” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Həyatını xalqına həsr etmiş lider” adlı məqalə dərc edilib

İslamabadda ingilis dilində çap edilən “National Herald Tribune” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Həyatını xalqına həsr etmiş lider” adlı məqalə çap olunub.

“Şübhəsiz ki, Azərbaycanın müasir tarixi həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” sözləri ilə başlayan məqalədə Ulu Öndərin adının müasir müstəqil Azərbaycanın iqtisadi dirçəlişi, siyasi imicinin formalaşması, mədəni intibahı ilə sıx bağlı olduğu vurğulanır.

Məqalədə deyilir ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev ölkəsinin həm Qərb, həm də Şərq ilə sıx əlaqələr qurmasına müvəffəq olub və bununla da Azərbaycanı dünya miqyasında mühüm əhəmiyyət daşıyan ölkələr sırasına daxil edib.

Yazıda Azərbaycanın Ümummilli Liderinin həyatı, siyasi karyerası haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında yenidən hakimiyyətə qayıdan Heydər Əliyev vətəndaş müharibəsi xofu ilə yaşayan, iqtisadiyyatı dağılmış, ərazisinin böyük bir hissəsi işğal altında olan Azərbaycanı bəlalardan xilas edib.

Qeyd edilir ki, Heydər Əliyevin rəhbərliyi ilə qısa bir müddətdə qurulmuş Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib və məhz bundan sonra işğalçı Ermənistanla atəşkəs müqaviləsinin imzalanması mümkün olub.

Məqalədə deyilir ki, Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri Azərbaycanın neft strategiyasını qurmaq olub. Bu strategiya çərçivəsində bütün təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi” imzalanıb, ölkəmizə milyardlarla dollar sərmayə qoyulduğu qeyd edilib.

Bildirilir ki, ölkə rəhbərinin əzmi nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı–Tbilisi- Ərzurum neft və qaz kəmərlərinin tikintisi haqqında sazişlər imzalanıb, nəticə etibarı ilə, ölkəmizin karbohidrogen ehtiyatlarının çoxşaxəli dəhlizlər vasitəsi ilə dünya bazarlarına daşınması təmin edilib. Məqalədə bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisi deyil, eyni zamanda, dövlət müstəqilliyinin güclənməsində böyük rol oynadığı vurğulanıb.

Yazıda deyilir ki, Azərbaycanın geostrateji üstünlüklərini nəzərə alan uzaqgörən lider Heydər Əliyev ölkəsinin regional və qlobal nəqliyyat yollarının bu ölkənin ərazisindən keçməsini təmin edib. Müəllif bildirir ki, Azərbaycan Qara dəniz hövzəsi, Qafqaz və Mərkəzi Asiya regional əməkdaşlığına yönəlmiş TRASECA layihəsinə qoşulub, sonralar isə Bakı-Tbilisi-Ərzurum dəmir yolunun tikintisinə başlanıb. Yazıda bu strategiyanın nəticəsində Azərbaycanın regional nəqliyyat limanı olduğu da vurğulanır.

Məqalədə Azərbaycanın qısa bir zamanda dünya iqtisadiyyatına inteqrasiya olduğu, kredit reytinqinin artdığı, qeyri-neft sektorunun, yeyinti məhsulları ilə özünü daxili ehtiyatlar vasitəsi ilə təmin etdiyi və bütün bu amillərin güclü iqtisadiyyatın göstəricisi olduğu vurğulanıb. Bildirilib ki, 1993-cü ilin əvvəllərində iqtisadiyyatı zəif olan, inflyasiyanın və işsizliyin sürətlə artdığı, xalqı ümidsizlik şəraitində yaşayan Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa bir dövr ərzində inkişaf edən ölkəyə çevrilib.

Materialda Heydər Əliyevin ölkə maraqlarına arxalanan balanslaşdırılmış siyasət apardığı, Azərbaycanın Qərb və Şərqin siyasi strukturlarına inteqrasiya olunduğu da bildirilir.

Yazıda deyilir ki, müasir, demokratik, qanuni, milli mənəvi, dini dəyərlərə söykənən, elm, mədəniyyət və təhsili inkişaf edən Azərbaycanın quruculuğu əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilir ki, məhz Ümummilli Liderin rəhbərliyi ilə ölkənin Konstitusiyası qəbul olunub, Azərbaycan dili dövlət dili elan edilib.

Məqalədə Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin memarı olduğu, onun 1996-cı ildə Pakistana rəsmi səfəri və səfər zamanı imzalanan sənədlər ölkələr arasında münasibətlərin hüquqi normativ bazasını təşkil edildiyi bildirilir.

Yazının sonunda deyilir ki, Heydər Əliyevin xatirəsi Azərbaycan xalqı tərəfindən daim əziz tutulur, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə və xaricdə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirir.

Arxiv üzrə axtarış