2015-04-23

Avropa Parlamentində qəbul edilən qətnamə Pakistanda narahatlığa səbəb olub

Bakı, 22 aprel, SalamNews, R.Ziya. 24 aprel – qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı mərasimlərin keçiriləcəyi gün yaxınlaşdıqca, erməni lobbisinin müxtəlif ölkələrdəki fəaliyyəti də artıb.

Bunu SalamNews-a müsahibəsində Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Onun sözlərinə görə, ermənilər artıq ciddi şəkildə qondarma soyqırımının tanınmağı ilə bağlı bir neçə ölkədə rəsmi səviyyədə təbliğat aparmağa və həmin dövlətlərin rəsmiləri ilə danışıqlara başlayıblar: “Bunun nəticəsində də Avropa Parlamenti qondarma soyqırımını tanıyan qətnamə qəbul etdi.

Məlum olduğu kimi, ermənilər təkcə Qərb ölkələrində deyil, həm də bəzi Yaxın Şərq və müsəlman ölkələrində də ciddi fəaliyyət göstərirlər.”

– 24 aprel – qondarma erməni soyqırımının 100 illiyi yaxınlaşdıqca, erməni lobbisi müxtəlif ölkələrdə yüksək səviyyədə təbliğat aparmağa və həmin dövlətlərin rəsmiləri ilə danışıqlara başlayıb. Bununla bağlı nə deyə bilərsiniz?

– Qondarma soyqırımının 100 illiyi ərəfəsində erməni lobbisinin ciddi fəaliyyətə keçməyi gözlənilən idi. Fikrimcə, ermənilərin bu səpkidə müəyyən nəticələr əldə etmələri, yəni Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi məlum qətnamə, ABŞ-ın bir neçə ştatı, eləcə də bəzi ölkələr tərəfindən qondarma erməni soyqrımının tanınmağı erməni lobbisinin gücü ilə deyil, dünyadakı mövcud geosiyasi vəziyyətlə bağlıdır. Bir sıra güc mərkəzləri dünyada, xüsusilə də Yaxın Şərq regionunda siyasi məqsədlərinə çatmaq üçün “erməni kartı”ndan istifadə edirlər.

Bu gün ermənilər Xocalıda həyata keçirdikləri soyqırımı və qətliamı pərdələmək üçün 1915-ci ildə soyqrımına məruz qaldıqlarını iddia edirlər. Vaxt gələcək, əsl həqiqət üzə çıxacaq və bu gün erməniləri dəstəkləyən bəzi qüvvələr Ermənistanı soyqırımına məruz qalan dövlət kimi deyil, məhz soyqrımını həyata keçirən dövlət kimi tanıyacaqlar.

– Hazırda Pakistanda erməni diasporu varmı? Əgər varsa, o, qondarma soyqırımı ilə bağlı nə kimi fəaliyyət göstərir?

– Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyi, Xocalıda soyqırımı həyata keçirməyi, 1 milyondan çox vətəndaşımızın tarixi torpaqlarından didərgin düşməyi, eləcə də düşmənin işğal etdiyi rayonlarımızda məscidlərimizi və tarixi abidələrimizi dağıtmağı faktı pakistanlı jurnalistlər tərəfindən yerli mətbuatda ingilis və urdu dillərində dəfələrlə işıqlandırılıb.

Pakistan xalqının qəlbində ermənilərə qarşı, onların tarix boyu Azərbaycan xalqının başına gətirdikləri bəlaları bildiyi üçün, nifrət yaranıb. Bu səbəbdən də rəsmi İslamabad Ermənıstanı dövlət kimi tanımayıb və öz ərazisində erməni diasporunun fəaliyyətinə imkan verməyib.

Mart ayında Senatın Müdafiə komitəsi Dağlıq Qarabağda keçirilməyi nəzərdə tutulan qondarma parlament seçkilərini tanımadığını və işğal olunmuş Azərbaycan ərazilərində hansısa ölkə tərəfindən parlament seçkilərinin keçirilməyini qətiyyətlə pisləyən bəyanat verdi.

Bu gün Pakistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmağını tələb edir.

– Avropa Parlamentində qondarma soyqırımı ilə bağlı qətnamənin qəbulu Pakistanda necə qarşılandı? Ümumiyyətlə, bu ölkə rəsmiləri həmin məsələyə necə münasibət göstərdilər?

– Həmin qətnamə Pakistanın dövlət rəsmiləri, və ictimaiyyəti tərəfindən böyük narahatlıqla qarşılandı. Ölkə mətbuatında bu barədə çoxsaylı materiallar dərc edilir, televiziya kanallarında reportajlar verilir.

Pakistanda fəaliyyət göstərən, özündə tanınmış jurnalistlər və siyasi xadimləri cəmləşdirən Azərbaycan-Pakistan Media Forumu qətnaməni qəti şəkildə pisləyib, bunun ikili standartların bariz göstəricisi kimi qiymətləndirib.

Arxiv üzrə axtarış