2016-10-15

Pakistan İslam Respublikasının Baş naziri Milli Məclisdə olub

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov oktyabrın 15-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb.

 

Məhəmməd Nəvaz Şərifin Bakıya rəsmi səfəri Azərbaycan-Pakistan əlaqələrində yeni səhifə açacaq

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov görüşdə Pakistanın Baş nazirinin ölkəmizə ilk rəsmi səfərinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək, Azərbaycan-Pakistan əlaqələrində yeni səhifə açacaq. O, Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülməsi münasibətilə Məhəmməd Nəvaz Şərifi təbrik edib.

Milli Məclisin sədri Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olduğunu deyib. Pakistan Prezidentinin ötən il ölkəmizə səfərini xatırladan O.Əsədov həmin səfər zamanı “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin imzalandığını diqqətə çatdırıb. Qeyd edib ki, bu Bəyannamə ikitərəfli əlaqələri yeni mərhələyə qaldırıb. Qarşılıqlı rəsmi səfərlərin əlaqələrin genişlənməsinə təkan verdiyini deyən parlamentin sədri vurğulayıb ki, bu günədək ölkələrimiz arasında 32 sənəd imzalanıb, 13 sənəd isə imzalanma ərəfəsindədir. Bu sənədlər əlaqələrimizin hüquqi bazasının təməlini təşkil edir. Sədr, həmçinin parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

İki ölkə arasında siyasi əlaqələrin məmnunluq doğurduğunu deyən Oqtay Əsədov iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Pakistan və Azərbaycan xalqının eyni dini, mədəni köklərə bağlı olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bütün bunlar əlaqələrimizin gələcək inkişafına təməl yaradır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və beynəlxalq müstəvidə Azərbaycanla daim həmrəylik nümayiş etdirir. Pakistan hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini hər zaman qətiyyətlə dəstəkləyir.

 

Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib və dəstəkləyəcək

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ölkələrimiz arasında dost, qardaş münasibətlərinin mövcud olduğunu söyləyib. Bildirib ki, bu səfərin əsas məqsədi əlaqələrin daha da inkişafına töhfə verməkdir. Baş nazir Azərbaycan xalqını qarşıdan gələn Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Parlamentlər arasında sıx münasibətlərin mövcud olduğunu deyən Məhəmməd Nəvaz Şərif parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi vurğulayıb.

Baş nazir qeyd edib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana davamlı və qətiyyətli dəstək göstərməkdə davam edəcək. Məhəmməd Nəvaz Şərif 2012-ci ilin fevralında Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin Ermənistan silahı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsini soyqırımı kimi tanıdığını və bununla əlaqədar qətnamə qəbul etdiyini diqqətə çatdırıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Arxiv üzrə axtarış